Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövləti və xalqı tarixi günlər yaşamaqdadır.

20 oktyabr 2020 | 16:00

Azərbaycan  dövləti  və  xalqı  tarixi  günlər  yaşamaqdadır.  Ordumuz  savaş meydanında inamla irəliləyir və son 30 ildə erməni tapdağında qalmış tarixi ərazilərimizi azad edir. Ancaq düşmən məğlubiyyət acısını hiss edikcə, sonunun çatmaqda olduğunu anladıqca barbarlığın  ən  dəhşətli örnəklərini sərgiləyir. Oktyabrın 17-də Azərbaycanın ikinci  şəhəri  olan, cəbhə xəttindən uzaqda yerləşən  Gəncənin ballistik raketlə vurulması, dinc insanların yatdığı yerdə qətlə yetirilməsi,  14 nəfərin həyatını itirməsi ümumbəşəri dəyərlərə qarşı bir terrordur. Faşist mahiyyətindən əl çəkməyən  Paşinyan iqtidarının törətdiyi hərbi cinayətlər dünyanın qəzəbinə səbəb olmalı, Ermənistanın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir. Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında maddi və mədəniyyət abidələrini məhv və talan edilməsinə, saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşər sivilizasiyasına qarşı törədilən beynəlxalq cinayətdir.
Paşinyan hakimiyyəti  Ermənistanı dərin maliyyə-iqtisadi, sosial-siyasi bataqlığa salıb və daxili etirazlar artdıqca, diqqəti müvəqqəti də olsa mövcud problemlərdən yayındırmaq üçün Azərbaycana qarşı tarixi cinayətlərinin sırasını genişləndirir. Bankrot ölkə olan Ermənistanda böyük sayda silah-sursatın mövcudluğu dünya ictimaiyyətini düşündürməlidir. Bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda müharibəni aparmaq üçün silah və texnikanı hansı yollar ilə əldə etməkləri böyük suallar doğurur.
Ermənistanın Gəncəyə raket zərbəsi endirməsindən sonra Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev də Ermənistan rəhbərliyinin məsuliyyətə cəlb edilməli olduğunu xüsusi olaraq vurğulayıb. Dövlət başçısı bildirib ki, Ermənistanın faşist rəhbərliyinin hərbi cinayətləri sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalıdır. Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir. 
Hazırda Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Strateji məntəqə və yüksəklikləri ələ keçirən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük ölçüdə sıradan çıxara bilib. Prezident İlham Əliyevin  xüsusi olaraq vurğuladığı kimi, Azərbaycan dövlətinin milli maraqları mütləq təmin olunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq Azərbaycan dövlətinin və xalqının iradəsinə təsir edə bilməz. Odur ki, Azərbaycan Ermənistanın namərd və barbar əməllərinə yalnız döyüş meydanında cavab verir. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan isə regionda və ümumiyyətlə bütün dünyada sülhün düşməni rolunda çıxış edir. Ancaq heç bir cinayət cəzasız qalmır. Hər bir cinayətkar kimliyindən asılı olmayaraq, əvvəl-axır layiq olduğu cəzaya tuş gəlir. Şübhəsiz ki, barbar Paşinyan hakimiyyəti  də nə vaxtsa, öz cəzasına mütləq çatacaqdır.
Artıq Azərbaycan ordusu savaş meydanında əsl qələbə salnaməsi yazmaqdadır. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib.Cənab president bu xəbəri böyük qürur hissi ilə bəyan etdi. Prezident İlham Əliyev hesab edir ki, Füzuli şəhərinin düşməndən azad edilməsi böyük qələbənin müjdəsidir: “Füzuli əməliyyatı rəmzi məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir”.
Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaq,  Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.  Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır.  Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır.


Mərkəzi Kitabxanalar Sisteminin direktoru           Gülniyar  Məmmədova

Keçidlər