Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada qarğıdalı sahələrinin 90 faizinin məhsulu yığılıb

19 oktyabr 2020 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı yekunlaşmaq üzrədir. Bu il rayonun torpaq mülkiyyətçiləri 3 min 536 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. İndiyədək sahələrin 90 faizinin məhsulu yığılıb, 17,9 min ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,2 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, rayonda gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də gündən-günə sürətlənir. Kampaniyanın əvvəlindən indiyədək təsərrüfatlarda 710 hektarı buğda, 1050 hektarı arpa olmaqla 1760 hektar sahəyə toxum səpilib. Cari mövsümdə rayonda 2021-ci ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək 6150 hektar sahədə şum aparılıb, toxumçuluq təsərrüfatları tərəfindən 1000 tonadək yüksək reproduksiyalı toxum fondu yaradılıb. Eyni zamanda, fermerlər səpin üçün lazım olan keyfiyyətli və sertifikatlaşdırılmış toxumları “Aqroservis” ASC-nin rayon bölməsindən və digər toxumçuluq təsərrüfatlarından da əldə edirlər.

Keçidlər