İsrailin Azərbaycandakı səfiri Zaqatalada olmuşdur
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində sentyabrın 30-da Zaqatala rayonunda olmuşdur. Tərkibinə, həmçinin səfirliyin əməkdaşlarının, “AZROM” şirkəti təmsilçilərinin, kənd təsərrüfatı mütəxəssislərinin daxil olduqları nümayəndə heyəti ilə rayon icra hakimiyyətində görüş keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycan Respublikası ilə İsrail dövləti arasında əlaqələrin bütün sahələr üzrə uğurla davam etdirildiyini bildirmiş, bu əlaqələrin daha da genişləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırlatmışdır. Səfirə Zaqatala rayonunun iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti və turizm potensialı barədə ətraflı məlumat verilmişdir. Qonaqların diqqətinə çatdırılmışdır ki, bu gün Zaqatala rayonu özünün yeni inkişaf dövrünü yaşayır, rayon iqtisadiyyatı sürətlə inkişaf edir. Rayonda iri sənaye müəssisələri, o cümlədən süd, tütün, fındıq emalı zavodları fəaliyyət göstərir, heyvandarlıq, arıçılıq, çayçılıq, gülçülük, meyvəçilik sahələri inkişaf etdirilir. Əsrarəngiz təbiəti, iqlimi, coğrafi mövqeyi, infrastrukturu, beynəlxalq hava limanının fəaliyyət göstərməsi rayonda turizmin inkişafı üçün də geniş imkanlar açır. Səfir Rafael Harpaz səmimi görüşə görə minnətdarlığını bildirmiş, səfərinin bu bölgə ilə daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırmışdır. Görüşdə israilli iş adamlarının da iştirak etdiklərini nəzərə çarpdıran səfir gələcəkdə kənd təsərrüfatının müxtəlif sahələri, fındıqçılıq, su təchizatı ilə bağlı məsələlər, səhiyyə və turizm sahələrində əməkdaşlığın yaranmasında maraqlı olduqlarını bildirmişdir. Səfər çərçivəsində səfir Rafael Harpaz və nümayəndə heyətinin üzvləri Zaqatala şəhərinin görməli yerlərini gəzmiş, tütün və fındıq emalı zavodlarında, çay fabrikində istehsal prosesi ilə tanış olmuşlar.