Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız bu haqq savaşında öz Prezidentinə inanır, arxalanır, ondan güc alır.

19 oktyabr 2020 | 16:00

Azərbaycanda  Vətən  müharibəsi–haqq  savaşı  gedir.  Ordumuz beynəlxalq hüquqa əsaslanıb Ermənistan tərəfindən işğal olunan torpaqlarımızı azad edir. Ordumuzun sarsıdıcı zərbələri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verən düşmən əsgərləri  geri  çəkilərək  döyüş mövqelərini qoyub qaçmaqdadırlar. Bununla yanaşı, düşmən döyüşdə uduzduğunu anla¬dığına görə, təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaqla, infrastrukturumuzu  dağıtmaqla  qeyri-insani  xislətini, beynəlxalq  hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini bir daha təsdiqləyir.
Ölkə Prezidenti İlham Əliyevin nüfuzlu xarici TV-lərə son günlər ardıcıl şəkildə verdiyi müsahibələrdə Ermənistanın iç üzü bütün incəlikləri ilə beynəlxalq ictimaiyyətə çatdırılmaqdadır. Prezidentin  qardaş Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalına verdiyi müsahibədə Ermənistanın hərbi cinayətlərini,  Ermənistan ordusunun humanitar atəşkəsə baxmayaraq, döyüş gedən ərazilərdən kənarda yaşayış məntəqələrini, mülki şəxsləri, sosial infrastrukturu hədəfə almasını erməni faşizminin növbəti  təzahürü  kimi  ifadə  edib. Eyni zamanda, işğalçıların adətən döyüş meydanında məğlubiyyətə uğrayanda bu cür terror törətmələrini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti müsahibəsində mənfur qonşumuz Ermənistanın terrorçu, faşist mahiyyətini birinci Qarabağ savaşında da mülki şəxslərə atəş açmaqla, Xocalı soyqırımını törətməklə nümayiş etdirdiyini vurğulayıb. – “Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz”.
Mülki şəxslər arasında insan itkisi davam edir, Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır. Bunu cənab Prezident  müsahibəsində qeyd edib ki, - “Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi”.
Ermənistanın havadarları da görürlər ki, müharibənin 20-ci günündə artıq erməni ordusu tamamən zəifləyib. Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir. Əlacı kəsilmiş mənfur Ermənistan muzdlu döyüşçülərin ümidinə qalıb. Cənab Prezidentin dediyi kimi, Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır. Sirr deyil ki, Paşinyan Sorosun adamıdır və Rusiyaya qarşıdır. Prezidentimiz müsahibəsində bunu çox aydın izah edərək  deyir ki, - “Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan əslində, hər zaman anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı”. 
Dövlətimizin başçısı müsahibəsində Ermənistanın işğal altındakı bölgələrimizin sərvətlərinin, eləcə də Kəlbəcərin qızıl yataqlarının uzun illər ərzində istismar edildiyini də diqqətə çatdırır: “Mən bu toqquşmadan əvvəl verdiyim açıqlamalarda demişdim ki, bütün bu xarici şirkətlərə son xəbərdarlıq edirik – ya dayandırın bu fəaliyyəti, ya da biz sizi məhkəməyə verəcəyik. Məhkəmədə bizim sözümüz keçəcək. Çünki bu, qanunsuzdur. Oradan çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii qaynaqları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırlar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsəd bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaqdır. Onlar buna da nail ola bilmədilər”.
Bu gün Azərbaycanın haqq mübarizəsi dəstəklənir və Azərbaycana dəstək olan ölkələrin sayı artmaqdadır. İlk yanımızda olanlar qardaş Türkiyə və  Pakistan oldu.  Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladılar.  Bu Azərbaycanı daha da ruhlandırdı. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur.  Qardaş Türkiyədən, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğandan həmişə sevgi  ilə danışan Azərbaycanın dövlət başçısı, öz mövqeyini  “A Haber” efirində də ifadə etdi: “Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir.  Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir. Keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir. Buna baxmayaraq Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır. Rəcəb Tayyib Ərdoğan dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı”. Qeyd edim ki, cənab Prezident az qala dünyanın qısqandığı Azərbaycan-Türkiyə qardaşlığına heç bir qüvvənin təsir edə bilməyəcəyini də xarici mətbuata verdiyi bütün müsahibələrində xüsusi vurğulayır.
Bəli  Azərbaycan  bu gün haqq savaşı, haqq mübarizəsi aparır, əzəli ərazisinin tapdaq altından çıxarılmasına, yağı çəngindən xilas edilməsinə çalışır. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Lakin,  Azərbaycan xalqının iradəsi sarsılmazdır. Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir.  Ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük layihələrin həyata keçirilməsi  əlbəttə ki, xalqımızın ümummilli lideri  Heydər Əliyevin  yolunun  davamıdır. Xalqımız bu haqq savaşında öz Prezidentinə inanır, arxalanır, ondan güc alır.


Zaqatala rayon ziyalısı, ağsaqqal:                   Sabir Qurbanov

Keçidlər