Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyur

17 oktyabr 2020 | 16:00

Dağlıq Qarabağ ərazisi Azərbaycanın əzəli torpaqlarıdır. Erməni vandalları düz 30 ilə yaxın bir müddətdə həmin əzəli torpaqlarımızı işğal altında saxlamış, aparılan danışıqlara kölgə salmış, öz mənfur xislətlərini, niyyətlərini nümayiş etdirmişlər. Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalmışdır. Növbəti erməni təxribatından və fitnəkarlığından sonra qəhrəman Azərbaycan ordusu əks-hücuma keçərək  əzəli torpaqlarımızın müəyyən bir qismini  işğaldan azad etmişdir. Humanitar atəşkəslə bağlı razılıq əldə olunmasına baxmayaraq naqis düşmən öz fitnəkarlığına ara vermir, mülki əhalimizi hədəfə alaraq  müharibə cinayətlərini davam etdirirlər. Konvensiyaların müddəalarını  pozan Ermənistan dinc əhaliyə qarşı terror törədir. Bu günə qədər dinc əhali arasında onlarla insan həlak olmuş, yüzlərlə insan  yaralanmış, minlərlə  ev tamamilə dağıdılmışdır.
Prezident İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində sentyabrın 27-dən indiyədək Ermənistan ordusunun vəhşiliyi, barbarlığı barədə faktlarla məlumat verir,  təcavüzkar ölkəyə havadarlıq edənləri kəskin tənqid edir, onların iç üzünü açır.  Ölkə prezidentinin oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində də bunun şahidi olduq. Dövlətimizin başçısının natiqlik məharəti, diplomatik təcrübəsi,  nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edərək, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı. Onu da qeyd edək ki, RİA Novosti agentliyi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana eyni suallar verilib və eyni cavab imkanı yaradılıb. Həmişə olduğu kimi, bu dəfə də Paşinyan ona verilmiş suallardan yayınmağa çalışıb. Mövcud vəziyyəti ayıq başla qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən bisavad küçə uşağı təəssüratını bir daha təsdiqləyib.
Jurnalistin “Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?” sualına cavab verən dövlətimizin başçısı İlham Əliyev cavabında ilk öncə hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verir, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında göstərir, Azərbaycan Ordusunun uğurları barədə danışır və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində əməliyyatların davam etdiyini deyir. İtkilərə gəldikdə, dövlət başçısı dinc əhalinin statistikanı təqdim edir və hərbçilər arasında itkilər barədə hərbi əməliyyatların qızğın fazası bitdikdən sonra məlumat veriləcəyini diqqətə çatdırır. İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edir, özünə güvənən və qəti mövqe ortaya qoyan qalib lider kimi danışır.
Möhtərəm Prezident  müsahibəsində  işğalçı dövlətin baş nazirinin hakimiyyətə gəldiyi ilk gündən danışıqların formatını dəyişmək cəhdi, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “rəhbərinin” danışıqlarda tərəf kimi iştirakında maraqlı olması, onun ardınca “Qarabağ Ermənistandır” bəyanatı, daha sonra isə Livandan, Suriyadan erməniləri işğal altında olan ərazilərimizdə məskunlaşdırması Nikol Paşinyanın sülh danışıqları masasında oturmaqdan yayındığını, yeni ərazilər uğrunda müharibə planı hazırladığını konkret faktlar əsasında ortaya qoyur.
Jurnalistin  suallarını cavablandıran dövlətimizin başçısı Azərbaycanda hər hansı xarici hərbi iştirakçıya ehtiyac olmadığını, zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəmi  bir neçə dəfə artırıla bilərik deyərək  bu gün malik olduğumuz silahlı dəstələrin onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu vurğulayır.  Dövlətimizin başçısı bir daha bəyan edir ki, Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.
Müsahibədən də göründüyü kimi, dövlətimizin başçısı aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Ermənistanın baş naziri isə yenə də eyforiyaya qapılaraq kompromis variant kimi xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. Kompromis barədə sualın üç dəfə təkrarlanması və Paşinyanın heç bir aydın cavab vermədiyi nəzərə alınarsa, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, təxribatlar törətdiyi və yeni işğal planları qurduğu barədə dediklərinin tam həqiqət olduğu bir daha öz təsdiqini tapır.
“Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiniz. Tarixdə necə qalmaq istəyərdiniz” sualına cavab olaraq dövlət başçımız bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırır. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçünsə bu işğalçı müharibədir. İlham Əliyev bu gün beynəlxalq birliyin tanıdığı Azərbaycan ərazilərində Ermənistanın işğalçı qüvvələrinin olduğunu diqqətə çatdırır. 30 il ərzində azərbaycanlıların öz torpaqlarına buraxılmaması nə beynəlxalq hüquq, nə də ki insan mənəviyyatı baxımından izah oluna bilməz. Fərq bundadır ki, Azərbaycan əsgəri öz torpağında və bu torpaq uğrunda həyatını qurban verir, Ermənistan əsgəri isə onun hakimiyyətinin işğal altında saxladığı başqa ölkənin ərazisində həlak olur. Prezident onu da diqqətə çatdırır ki, tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür.
Prezident İlham Əliyev Rusiya auditoriyasında, mediasında Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəkilik barədə qısa, lakin müfəssəl məlumat verir. Həmçinin, hazırkı dövrdə Azərbaycanın Rusiyaya münasibəti və Azərbaycan-Rusiya əlaqələrinin mahiyyətini  çatdırır.  Dövlət  başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyur.


Zaqatala  şəhər  1 saylı  tam orta
məktəbin əməkdar  müəllimi :                  Pərixanım  Şabanovaana

Keçidlər