Şriftin ölçüsü :

Saytın rəngi :

Həm hərb meydanında, həm də siyasət-diplomatiya səngərində tarix, zəfər yazan dövlət başçısı cənab İlham Əliyevin

17 oktyabr 2020 | 16:00

Haqq  mübarizəsində olan Azərbaycan Ordusu gücü, qüdrəti hesabına cəbhənin bütün istiqamətlərində mövqelərini gündən-günə möhkəmləndirir. Regionda sülhə və təhlükəsizliyə ən böyük təhdid olan Ermənistan isə getdikcə həm hərbi, həm də siyasi sahədə daha ağır məğlubiyyətə uğrayır. Azərbaycan torpaqlarına qəsd edərək beynəlxalq hüququn bütün norma və prinsiplərinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini gözardı edən və danışıqlar prosesinə destruktiv yanaşan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikasına qarşı Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi anlaşılandır.
Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan  münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tutur və bizi cavab atəşinə təhrik edirlər. Lakin Azərbaycan ordusunun hədəfləri  hərbi hədəflərdir. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə və onun infrastrukturlarına atəş açmayacaqdır.
Oktyabr ayının 14-də Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə vermiş, öz müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı çox mühüm məqamlara toxunmuşdur. Müsahibəsində düşmənin mülki əhaliyə hücumlarının məqsədi barədə danışan  cənab Prezident  bildirmişdir  ki,  “Ermənistanın Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə almasında məqsəd  panika, xaos, qorxu yaratmaqdır. Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişib. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin başçısı, həmçinin bu mübarizədə ölkəmizin güclü iradəsinin, güclü ordusunun olduğunu  bildirdi. Vurğuladı ki, məhz buna görə də bu xain hücumlar bizim iradəmizi qıra bilmədi. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik.!”.
Həm  hərb meydanında, həm də siyasət-diplomatiya səngərində tarix, zəfər yazan dövlət başçısı cənab İlham Əliyevin  bu müsahibəsində hər kəsə-düşmənə və  onun havadarlarına,  sözdə  və əməldə Azərbaycanın yanında olan dostlara  mesajlar vardı.  “Bildirmişdim, atəşkəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun və Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa imiş”-deyən cənab president  işğalçı Ermənistanın imzalanan “humanitar atəşkəs” razılaşmasına və razılaşmanın elə ilk dəqiqələrdən  faşist ölkə tərəfindən pozulmasına toxunaraq bildirdi ki, onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək  öz hərbi məğlubiyyətlərini bir qədər azalda, vaxt qazana, yeni qüvvələr səfərbər edə  və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. “Mən demişdim ki, əgər Ermənistan müsbət davranış göstərməsə peşman olacaq və haqlı idim”-- deyən Ali Baş Komandan qeyd etdi ki,  hazırda Ermənistanın göstərdiyi  cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Baxın, Minsk qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlüyümüzü tanıyırlar. Avropa İttifaqı ilə bizim “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir.
Öz müsahibəsində beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin  buna  reaksiyasından  danışan  cənab Prezident Türkiyənin  hər  zaman olduğu kimi ölkəmizi   bir daha bu məsələ ilə bağlı açıq və birmənalı dəstəklədiyini bildirərək  bir daha bəyan etdi ki, Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı.
Türkiyə hərbi əməliyyatlarda iştirak etmir. Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır.  Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq.
Müsahibə zamanı çox vacib və olduqca önəmli bir məqama toxunan Prezident İlham Əliyev illərdir Ermənistanın silahlandırılmasına və onu silahlandıranlara kəskin cavabını və  xəbərdarlığını etdi. Bildirdi ki,  “Son iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, Erməni ordusuna çox böyük zərər vuruldu, 33 tank qənimət götürüldü. 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika sıradan çıxarıldı. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika?  Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var”-deyərək hər kəsin davranışına açıqlıq gətirmiş oldu. 
Bölgəyə sülhməramlıların göndərilməsi ilə bağlı məsələyə münasibət  bildirən cənab prezident  vurğuladı ki, “Hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. İcazəmiz olmadan hər hansı ölkə sülhməramlılarını torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbuledilməzdir!
Azərbaycan Prezidentinin “Haber Türk”ə müsahibəsində olduqca aydın və konkret cavab verdi ki, “Sülhdən  sonrakı dönəmə gəlincə, bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibarilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, – beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən – orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıblar – Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq biz sülhə daha da yaxınlaşacağıq.
Prezident xatırladır ki, Azərbaycan çoxmillətli dövlətdir, ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır: “Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq. Çünki orada indi səfalət hökm sürür”.
Prezident İlham Əliyevin  xarici televiziya kanalına verdiyi müsahibəsi onun  öz siyasətində və mövqeyində dönməz olduğunu bir daha təsdiqləyib. Bəli, bu gün Azərbaycanda öz torpağımızda Vətən müharibəsi gedir. Ordumuz beynəlxalq hüquqa əsaslanıb Ermənistan tərəfindən işğal olunan torpaqlarımızı azad edir. Azərbaycan  tutduğu yoldan dönmək fikrində deyil. Çünki biz haqq yolundayıq və  bu yolu uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!


Zaqatala şəhər 3 saylı tam orta məktəbin
direktoru, əməktar müəllim:                                   Elmira Hacıyeva

Keçidlər