Azərbaycan işğalla heç zaman barışmayacağını sübut etdi.
Nikol Paşinyanın yalvarışlarından sonra Rusiya Xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında humanitar məqsədlə atəşkəs haqqında razılaşma imzalanması barədə artıq hər kəsin məlumatı var. Xatırladaq ki, tərəflərin qəbul etdiyi bəyanata görə, atəşkəs oktyabrın 10-da, saat 12-00-dan humanitar məqsədlə, cəsədlərin yığılması və əsirlərin dəyişdirilməsi üçün, Beynəlxalq Qızıl Xaç Komitəsinin meyarları nəzərdə tutularaq qüvvəyə mindi. Atəşkəs əldə olunduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, beynəlxalq məsuliyyətsizliyini davam etdirən Ermənistan hökuməti Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edərək və yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etdi. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U” raketi ilə atəşə tutuldu. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi. Bütün cəbhə boyu məğlubiyyətə uğrayan ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Halbuki, bu, beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətdir. Artıq Ermənistan tərəfi bu cinayəti açıq şəkildə törədir. Dinc əhalini, uşaqları qətlə yetirmək, yaşayış sahələrini dağıtmaq faşistlərə xas qəddarlıqdır. İnsanlıq əleyhinə yönəlmiş çirkin əməllərindən əl çəkməyən Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyasını, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmasına dünya birliyində susqunluq bu norma və prinsiplərin əhəmiyyətsiz olduğundan xəbər verir. Dinc əhaliyə qarşı törədilən bu cinayətlər hər bir azərbaycanlını hiddətləndirir. Amma biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.
Həm təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan, həm də onun sələfləri işğala əsaslanan mövcud staus-kvonu saxlamaq üçün min bir oyundan çıxırdılar. Beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu da status- kvonun saxlanılmasının qeyri – mümkünlüyünü etiraf edirdilər. Sonda isə otuz il ərzində qurulmuş və daim möhkəmləndirilmiş bu status-kvo sistemi Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində dağıldı, Azərbaycan işğalla heç zaman barışmayacağını sübut etdi. Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Bu uğur münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrinin öz mövqelərindən geri çəkilməsi rəsmi Yerevanın geri çəkilməsi deməkdir. İki il müddətində danışıqlar prosesinə yaxın gəlməyən Nikol Paşinyanın sülh danışıqlarına razılıq verməsi işğalçı ölkənin həm də diplomatik cəbhədə məğlubiyyəti deməkdir. Halbuki Ermənistan tərəfi danışıqlar prosesinin qondarma Dağlıq Qarabağ respublikası ilə aparılmasını iddia edirdi.
Oktyabr ayının 12-də dövlət başçısı cənab İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın 30 ildir davam etdirdiyi işğalçılıq siyasəti, bu müddət ərzində respublikamıza vurduğu zərər, mülki əhalinin qətlə yetirilməsi və digər terror aktları barədə müfəssəl məlumat vermiş, beynəlxalq aləmin illər boyu bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verdiyini vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq şəkildə Azərbaycanı dəstəkləmələrinin Azərbaycan üçün olduqca vacib olduğunu xüsusi qeyd etmişdir. Uzun illərdir ki, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaqla məşqul olan bəzi ölkələrdəki erməni diaspor təşkilatlarının, onların havadarlarının və dünya erməniliyinin son döyüşlərlə əlaqədar da Azərbaycana qarşı mətbuat savaşına başladıqlarını qeyd edən dövlət başçımız Türkiyənin aparıcı televiziya kanallarının bu münaqişə ilə bağlı həqiqətləri gecə-gündüz dünya ictimaiyyətinə çatdırılması baxımından Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürünü bildirmişdir. Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyənin fəal rol oynadığını, qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyətinin böyük olduğunu vurğulayan cənab Prezident bildirdi ki, söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir və odur ki, Türkiyə problemin həllində iştirak etməlidir.
Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalı, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaq, işğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır.
Zaqataia Rayon Məhkəməsinin sədri: Elbrus Məmmədov