Bu il Zaqatalanın şabalıd bağlarından 150 tonadək məhsul gözlənilir
Bir çox müalicəvi xüsusiyyətləri olan şabalıdın Azərbaycanda ən çox yayıldığı ərazi Şəki-Zaqatala zonasıdır. Dağ yamaclarında bitən şabalıdın meyvəsi əsasən oktyabr-noyabr aylarında yetişir.
Hazırda bölgənin digər rayonları kimi, Zaqatalada da şabalıd yığımının qızğın çağıdır. Təsərrüfat sahibləri bu il də şabalıd bağlarından bol məhsul götürərək yaxşı qazanc əldə edəcəklərinə ümid bəsləyirlər.
Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 70 hektar şabalıd bağları mövcuddur. Bu bağların 62 hektarı barverəndir. Son illər rayonun dağətəyi ərazilərində 10 hektar sahədə yeni şabalıd bağları salınıb. Ötən il bağlardan 143,3 ton şabalıd yığılıb. Cari ildə şabalıd bağlarından 150 tonadək məhsul tədarük olunacağı gözlənilir.
Şabalıdın insan orqanizmi üçün çox böyük faydası var. Bitkinin qurudulmuş meyvələrinin həlimindən və quru yarpaqlarının dəmlənməsindən yuxarı tənəffüs yollarının iltihabı xəstəliklərinin müalicəsində istifadə edilir. Təzə yarpaqlarının dəmlənməsi isə göy öskürək üçün yaxşı vasitədir. Şabalıdın meyvə və qabığından mədə-bağırsaq xəstəliklərində, böyrək mənşəli ödemlərdə, burun qanaxmalarında istifadə etmək mümkündür. Xalq təbabətində bu bitkinin müxtəlif hissələrindən, həmçinin büzücü, bərpaedici, yarasağaldıcı vasitə kimi də istifadə olunur. Şabalıd, həm də balverən bitki kimi qiymətlidir. Şabalıddan alınan balın böyük müalicəvi əhəmiyyəti var.
Hazırda Zaqatalanın bazarlarında şabalıdın bir kiloqramının qiyməti keyfiyyətindən asılı olaraq 3-6 manata satılır.