Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolu çərçivəsində 2 yolun tikintisi yekunlaşır

08 oktyabr 2020 | 16:00

Ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, M5 magistralının II texniki dərəcəyə uyğun yenidən qurulan hissəsinin uzunluğu 46 kilometrdir. Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yeni yol yatağı inşa olunub, torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Hazırda yolboyu 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır ki, bu sahədə də işlər yekunlaşmaq üzrədir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası da yekunlaşdırılır. Hazırda körpülərdə son tamamlanma işləri görülür. Körpülər yolun 1.8-ci kilometrində Alıcançay, 9.5-ci kilometrində Şirvan kanalı və 35.6-cı kilometrində isə Dəhnəçay üzərində inşa olunur. Körpülərin uzunluğu müvafiq olaraq 67, 76 və 61 metr təşkil edir.

Bundan başqa, müxtəlif diametrlərə malik 106 borunun inşası aparılıb ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq, yolboyu 7 nöqtədə yeraltı keçid də tikilib. Bununla yanaşı, magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağının quraşdırılması işləri də yekunlaşmaq üzrədir.

“M-5 Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində magistralın 46-cı kilometrindən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 kilometrlik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri də yekunlaşdırılır.

İki hərəkət zolaqlı yolun ümumi eni 12 metr təşkil edir. Analoji tikinti işləri bu yolda da aparılır. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsünün inşası tamamlanmaq üzrədir. Körpülər yolun 0.4-cü kilometrində dəmir yolu, 0.7-ci kilometrində Əyriçay, 1.4-cü kilometrində Küncüt çayı, 4.6-cı kilometrində Sarı Qobu çayı və 5.2-ci kilometrində Qarasu çayı üzərində salınır. Sözügedən körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.

M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstan sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 kilometr uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.

Ötən il sözügedən magistralın 40 kilometr uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

 

 

Keçidlər