Ermənistan həmişə yeni müharibəyə başlamağı hədəfə almış, Azərbaycana qarşı bir neçə hərbi təxribat törətmişlər.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti uzun illərdir ki, davam edir və mənfur düşmən torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bu illər ərzində münaqişənin dinc yolla həlli üçün Prezident İlham Əliyev beynəlxalq səviyyəli konfrans və tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmış, Azərbaycanın haqlı mövqeyini bəyan edərək, ölkəmizin öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etmək hüququnu dönə-dönə xatırlatmışdır. Riyakar mövqedən əl çəkməyən Ermənistanın siyasi rəhbərliyi dəfələrlə, prezident İlham Əliyev tərəfindən ən yüksək beynəlxalq tribunalardan faktlarla ittiham edilmiş, onların faşist xisləti ifşa olunmuşdur. Lakin Ermənistanın sülh prosesinə ciddi zərbə vurması, qeyri-konstruktiv mövqeyi ilə danışıqlardan imtina edərək Azərbaycana qarşı təxribat hücumlarını yeniləməsi bir daha sübut etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd siyasət aparan Ermənistanla diplomatik danışıqların heç bir faydası və mənası yoxdur və Ermənistan sülh və sabitliyin önündə ən böyük əngəldir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq xarakterli problemə çevrilmiş, münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilmiş və münaqişənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına razılıq verilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları da eynisini etmişdir. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Çünki təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Digər səbəb isə Ermənistanın mövqeyidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir. İşğal edilmiş ərazilərdə məskunlaşmaların, hərbi təlimlərin keçirilməsi, Dağlıq Qarabağdakı saxta rejimin saxta liderinin qondarma andiçmə mərasiminin qədim tarixi şəhərimiz olan Şuşada təşkil edilməsi də növbəti təxribatdır.
Ermənistan həmişə yeni müharibəyə başlamağı hədəfə almış, Azərbaycana qarşı bir neçə hərbi təxribat törətmişlər. Ali Baş Komandan İlham Əliyev dəfələrlə Ermənistana xəbərdarlıq edib, işğalçını hərbi təxribatlardan əl çəkməyə, mülki obyektlərin atəşə tutulmasını dayandırmağa, atəşkəs rejiminin qaydalarına əməl etməyə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin səylərinə adekvat reaksiya verməyə səsləyib. Lakin rəsmi İrəvan Azərbaycan tərəfinin bu çağırışlarına əməl etməyərək təxribatlarını davam etdirib. Sonuncu dəfə sentyabrın 27-də Ermənistan tərəfinin atəşkəsi pozması ilə Dağlıq Qarabağ münaqişəsi daha da alovlandı. Azərbaycan ordusu düşmənə adekvat cavab verərək əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi və cəbhə boyu həyata keçirdiyi hərbi əməliyyatlarla Ermənistanın təxribatlarına qarşı hansı səviyyədə cavab vermək imkanını bütün dünyaya nümayiş etdirdi.
Bu gün Milli ordumuz Qarabağ cəbhəsində torpaqlarımızı azad etmək naminə şərəf və ləyaqət mübarizəsi aparır və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Siyasət meydanında İlham Əliyev diplomatiyası, lider qətiyyəti qarşısında hər dəfə aciz duruma düşən Paşinyan savaş meydanında da eyni aqibəti yaşayır. Doğma torpaqlarımızda “at oynadan” erməni hərbiçisi qələbə əzmi ilə savaşan Azərbaycan əsgəri qarşısında duruş gətirə bilmir. 30 ilə yaxındır ki, beynəlxalq təşkilatların qətnamələrini heçə sayan, danışıq proseslərini müxtəlif bəhanələrlə uzadan Ermənistanın terrorçu rəhbərliyi indi həmin qurumlardan kömək umur, Azərbaycana təzyiq göstərilməsi üçün bəzi dövlətlərə yalvarır.
Sentyabrın 27-dən bəri dəfələrlə dünya ictimaiyyətinə haqlı mesajlar göndərən Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibəsində bu məqamları dönə-dönə xatırladır. İlham Əliyevin bu müsahibəsi işğalçı ölkəyə ciddi xəbərdarlıqdır və Nikol Paşinyanın həqiqi obrazının dünya ictimaiyyətinə növbəti dəfə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Müsahibəsində Azərbaycanın tələb etdiklərinin tamamı ilə beynəlxalq hüquqa müvafiq olduğunu xatırladan dövlət başçımız vurğulayır ki, “Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır.” Məsələnin ən qəbul edilməz tərəfi isə qondarma Dağlıq Qarabağ rejiminin danışıqlara cəlb olunması tələbidir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. İyirmi ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişdirmək cəhdinə Azərbaycan heç vaxt razı ola bilməz. Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd edir.
Cənab Prezident televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsas hədəfinin bu münaqişəni regional münaqişəyə çevirmək olduğunu qeyd edərək vurğulayır ki, ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir. Qardaş Türkiyə bizə böyük mənəvi dəstək verir. Türkiyə ilə bərabər Pakistan, Əfqanıstan və başqa dövlətlər də açıq şəkildə Azərbaycanın haqq işini müdafiə edir, işğalçı ölkəni tənqid edirlər. Bundan təşvişə düşən Ermənistan Rusiyaya, Fransaya, Almaniyaya, beynəlxalq təşkilatlara müraciət edərək haqq savaşımızda yanımızda olduğunu bəyan edən Türkiyənin guya döyüşlərə öz silahları ilə müdaxilə etdiyi barədə sərsəm fikirlər səsləndirir. O yenə də Azərbaycana və Türkiyəyə qara yaxmaqla haqq divanından qaçmaq istəyir. Türkiyə qardaş ölkədir və Ermənistanın ilk saatından Azərbaycana tam dəstəyini ifadə edir. Lakin Ermənistan Türkiyəni hazırki hərbi əməliyyatların tərəfi kimi qələmə verməklə həm Azərbaycan silahlı qüvvələrinə qarşı acizliyini özünün ictimaiyyətinə izah etmək, həm də beynəlxalq ictimai rəydə ənənəvi olaraq türkofob dairələrdən dəstək ummağa cəhd edir.
“Əl-Cəzirə”nin münaqişədə Türkiyə tərəfinin iştirakına, Rusiya, ABŞ və Fransa ilə əməkdaşlığın səviyyəsinə, cəbhədəki son vəziyyət və ümumiyyətlə mövzu ilə bağlı çoxsaylı suallarına tutarlı və əsaslandırılmış cavablar verən İlham Əliyev təkcə öz fikirlərini deyil, bütün azərbaycanlıların ürək sözlərini dilə gətirir.
Bu gün Azərbaycan öz doğma torpağında vuruşur və bu qanlı döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Cənab prezidentin dəfələrlə vurğuladığı kimi - “Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”. Cəbhədən gələn sevinc dolu xəbərlər bizi qələbəyə bir az da yaxınlaşdırır. Xalqımız ordusuna, Ali Baş Komandanına, əsgərinə arxayındır. İnanırıq ki, Azərbaycan haqq işini sonunadək yerinə yetirəcək və biz zəfər çalacağıq !
RİHBA-nın İctimai-siyasi və Humanitar
məsələlər şöbəsinin baş məsləhətçisi: Nüşabə Ömərova