Zaqatala ziyalısı: Xalqımızın sarsılmaz birliyi düşmənin rüsvayçı məğlubiyyəti ilə tamamlanacaq
Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi üçün işğalçılara bir-birinin ardınca sarsıdıcı zərbələr vurur. Ordumuzun qələbə əzmi erməni işğalçılarını lərzəyə salmaqda davam edir. Hər saat, hər gün uzun illər səbirsizliklə gözlədiyimiz qələbə xəbərlərini alırıq. Rəşadətli ordumuz qısa müddətdə çox mühüm strateji yüksəklikləri, Cəbrayıl şəhərini və rayonun bır sıra kəndlərini, eləcə də Tərtər istiqamətindəki Suqovuşan yüksəkliyini, Talış kəndini, Füzuli istiqamətində bir neçə kəndi işğaldan azad edib. Azərbaycan xalqı Qarabağı mənfur düşməndən azad etmək əzmini və iradəsini ortaya qoyub. İndi heç bir qüvvə bizi bu tarixi mücadiləmizdən çəkindirə bilməz.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Zaqatala” qəzetinin redaktoru, Əməkdar mədəniyyət işçisi İbrahim İbrahimov söyləyib.
Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan rayon ziyalısı deyib: “Torpaqlarımızın düşmən işğalından tamamilə azad olunacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, digər yurd yerlərimizdə əzəmətlə dalğalanacağı artıq bir həqiqətə çevrilir. Xalqımızın sarsılmaz birliyi, yüksək vətənpərvərliyi düşmənin rüsvayçı məğlubiyyəti ilə tamamlanacaq. Bizim yolumuz haqq yoludur, torpaqlarımızın düşmən işğalından azad edilməsi yoludur. Bu yolda böyük hünər və cəsarət göstərən ordumuz şanlı tarix yazır. Bu tarixin hər səhifəsi şan və şöhrətlə süslənib”.
Rayon ziyalısı bildirib ki, döyüş meydanında ciddi məğlubiyyətlərlə üzləşən xain düşmən öz alçaq və barbar xislətini bir daha nümayiş etdirir. Dinc əhalini hədəfə alaraq cəbhəyanı və digər yaşayış məntəqələrimizə intensiv artilleriya və raket zərbələri endirir, beynəlxalq hüququ və konvensiyaları açıq-aşkar tapdalayır. Mülki əhalimiz arasında xeyli sayda ölən və yaralananlar var. Yaşayış binalarına, infrastruktura ciddi ziyan dəyib. Erməni vəhşilərinin bu alçaq hərəkətləri vətəndaşlarımızın dəyanətini əsla sarsıda bilmir.
İbrahim İbrahimov deyib: “Çox təəssüf ki, beynəlxalq təşkilatlar, bəzi dövlətlər baş verən bu vandalizm hərəkətlərini görməməzlikdən gəlirlər. Fransa kimi təcavüzkar dövləti dəstəkləyən qüvvələr özlərinin insanlığa qarşı törətdikləri qırğınları unudaraq, haqq işimizə hər vəchlə mane olmağa çalışırlar. Bu haqq və ədaləti tapdalayanlar unutmasınlar ki, xalqımız mənfur düşməni torpaqlarımızdan birdəfəlik qovub çıxaracaq. Güclü dövlətimiz və rəşadətli ordumuz hər zaman vətəndaşlarımızın arxasındadır, onların həyatlarını etibarlı şəkildə qorumaq qüdrətindədir. Düşmən nə qədər vəhşiləşsə də, heç bir məqsədinə çatmayacaq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”