Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır.
Artıq bir neçə gündür ki, təcavüzkar Ermənistan xislətinə uyğun işğalçılıq siyasətini davam etdirərək bütün cəbhəboyu hücuma keçməyə cəhd göstərir, beynəlxalq humanitar hüquq normalarını, beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan, o cümlədən iri çaplı artilleriyadan atəşə tutur. Müzəffər Azərbaycan ordusu tərəfindən erməni vandallarının törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınır, düşmənə adekvat cavab verilir, ordumuz hərbi və mənəvi üstünlük əldə edərək, düşmənə sarsıdıcı zərbələr endirir. Ölkəmizdə müharibə gedir və bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır.
Uzun əsrlər boyu havadarlarına arxalanan ermənilər təcavüzkarlıqla ən gözəl və bərəkətli torpaqlarımızda məskunlaşmış, pənah gətirdikləri torpağa xəyanət edərək Azərbaycanın dilbər guşəsi olan qədim Qarabağı işğal etmişlər. Təəssüf ki, ermənistanın bu hərəkətinə beynəlxalq ictimaiyyət göz yummuş, Azərbaycanın haqq işini müdafiə etməmişlər. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və yeddi rayonu işğal edən Ermənistana bircə dəfə də “işğalçısan” deyən olmamış, BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların problemin həllinə dair qərarları qəbul olunandan kağız üzərində qalmışdır. İllərlə xalqımızın haqq səsini eşitməyən, işğal olunmuş torpaqlarımızın qaytarılması haqqında yalnız yalan vədlər verən və bununla Qarabağın unudulmasına çalışan ermənipərəst qüvvələr əsgərlərimizin yenilməz igidliyini, vətən, torpaq sevgisini, qələbə əzmini görüb əl-ayağa düşərək Prezidentimizi müharibəni dayandırmağa, danışıqları bərpa etməyə çağırırlar. Bu məqamda sual olunur: Hansı danışıqların bərpasından söhbət gedir? Axı son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir və Ermənistan müharibəyə hazırlaşır. Bu gün isə münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini bildirən Fransa, ABŞ, Rusiya və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edir.
Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. ATƏT-in Minsk qrupunun on illərlə davam edən mənasız səfərlərini, səmərəsiz danışıqlarını, həmsədr dövlətlərinin heç nə ilə ifadə edilməyən standart bəyanatlarını, Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının peşəkarlığını və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas var. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir. Emmanuel Makron tərəfindən verilən bəyanatda ifadə olunan fikirlər təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir. Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi icra etdiyi funksiyasını ciddi şəkildə şübhə altında qoyur. Fransanın qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirmir. Bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmək, işğalçı Ermənistana təzyiq etmək əvəzinə Ermənistanı dəstəkləyir və işğalçının yanındadır. Latviyaya səfəri zamanı “Türkiyənin ritorikası Azərbaycanı Dağlıq Qarabağı yenidən “işğal etməyə” cəsarətləndirir” deyən Makronun Dağlıq Qarabağla bağlı açıqlamaları bunu bir daha göstərir ki, Minsk Qrupu həmsədri olan ölkənin liderinin tarixi bilgiləri çox zəifdir. Çünki o leqal vəziyyəti bilməlidir və leqal olan odur ki, Qarabağ Azərbaycanın doğma, əzəli və tarixi ərazisidir. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və buradan geri çəkilməlidir.
Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir. Emmanuel Makron açıq şəkildə ermənipərəst siyasət aparır və Fransanın ermənipərəst olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu ölkə qondarma "erməni soyqırımı"nı tanıyan ilk dövlətlərdən biridir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Terroru və soyqırımını dövlət siyasəti kimi qəbul edən Fransa Əlcəzairdə 1,5 milyon insanı, həmçinin Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə sakini məhv etmişdir. İşğal prosesləri çox vəhşiliklərlə müşayiət olunmuş, qarşı qüvvələr tamamilə qılıncdan keçirilmiş və güllələnmişdir. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsində 100 minlərlə insan öldürülmüş, Çadda məscid və mədrəsələr dağıdılmış, islam dini qadağan edilərək müsəlman alimləri həbs edilmiş, Qabon torpaqlarında da islam dini qadağan edilmiş və din xadimləri öldürülmüş, 10 minlərlə insan yaşamaq hüququndan məhrum edilmişdir. Fransa Nigeriyada da 1960-cı ilə qədər qırğınlar törətmiş, müqavimət göstərənləri öldürmüş, xristianlaşmanı həyata keçirmişdir. Budur Fransanın həyata keçirdiyi soyqırımı tarixinin coğrafiyasının bir parçası. Hesab edirəm ki, bəşəriyyətə qarşı törədilmiş ən qanlı soyqırımların müəllifi olan Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir.
Bəli, xalqımızın igid oğulları bu gün Vətənimizin ərazi bütövlüyünü bərpa etmək uğrunda müqəddəs savaşa atılıb qəhrəmancasına mübarizə aparır. Bu, Vətən müharibəsidir! Bu bizim haqqımızdır və bu haqqı bizdən kimsə ala bilməz! Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir. Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil.
Zaqatala Rayon Zərifə Əliyeva adına liseyin direktoru: Kəmalə Əhmədova