Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir.

02 oktyabr 2020 | 16:00

Zaqatala, 2 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qarabağ cəbhəsindən gələn qələbə xəbərlərini böyük qürur hissi ilə izləyirik. Xalqımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik, Ali Baş Komandanın ətrafında sıx birləşməyimiz bizi zəfər bayramına günbəgün yaxınlaşdırır. Xalqla ordunun birliyi əsgərlərimizi qələbəyə ruhlandırır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində saxurların nümayəndəsi, Zaqatala rayonu Suvagil kənd 1 saylı tam orta məktəbin direktoru Abdurahman Sultanov söyləyib.

Ordumuzun tezliklə yağı düşməni doğma torpaqlarımızdan qovacağına, xalqımıza zəfər bayramı yaşadacağına böyük inamın olduğunu vurğulayan azsaylı xalqın nümayəndəsi qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda başlayan döyüş əməliyyatlarının qələbə ilə başa çatdırılacağına heç kim şübhə etmir.

Kənd ziyalısı deyib: “Azərbaycan burada yaşayan bütün azsaylı xalqların da doğma vətənidir. Respublikamızın ərazi bütövlüyü uğrunda mübarizədə digər milli azlıqların nümayəndələri kimi saxurlar da yaxından iştirak edirlər. Saxurların yaşadığı Zaqatala rayonunun Suvagil kəndi Qarabağ savaşında indiyədək 13 şəhid verib. Yüzlərlə suvagilli döyüş əməliyyatlarında iştirak edib, şücaət göstərib. Ali Baş Komandanın əmrinə müvafiq olaraq, kəndin cavanları indi də böyük ruh yüksəkliyi ilə cəbhə bölgəsinə yollanırlar”.

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını qeyd edən Abdurahman Sultanov deyib: “Güclü maddi-texniki bazaya malik ordumuz məhz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşaraq bu səviyyəyə gəlib çatıb. Silahlı Qüvvələrimizi yenilməz edən həm də onun güclü silah-sursata və texnikaya malik olmasıdır. Bu gün orduda vətənpərvər, cəsur, mərd oğullarımız xidmət edirlər. Ordumuzu məğlubedilməz edən digər amil isə heç şübhəsiz ki, “Öncə Vətəndir” deyən igid oğullarımızdır. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir. Orduda xidmət edən əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu olduqca yüksəkdir. Biz hamımız Vətən torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyir və buna ürəkdən inanırıq!”

Keçidlər