Zaqatala rayonunun zəlzələdən zərər çəkmiş kəndlərində daha 3 məktəb binası istifadəyə verilmişdir
Zaqatala rayonunda 2012-ci ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) və aidiyyətli dövlət qurumları tərəfindən kompleks tədbirlər ardıcıl davam etdirilir. Sentyabrın 16-da rayonun Əliabad qəsəbəsində, Aşağı Tala və Danaçı kəndlərində zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün FHN tərəfindən inşa edilən daha 3 məktəb binası qapılarını müəllim və şagirdlərin üzünə açmışdır. Açılış mərasimlərində rayon rəhbərliyi, FHN-nin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbinin 480 yerlik yeni binasının açılış mərasimi şagirdlərin ifasında Azərbaycanın dövlət himninin oxunması ilə başlanmışdır. Mərasimdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışmış, məktəb kollektivinə yeni dərs ilində uğurlar arzulamışlar. Bildirilmişdir ki, ötən ilin mayında baş vermiş zəlzələ zamanı rayonun təhsil infrastrukturuna da çox ciddi ziyan dəymiş, onlarla məktəb binası, uşaq bağçası qəzalı vəziyyətə düşmüşdür. Prezident İlham Əliyevin tapşırığına əsasən FHN-nin müvafiq komissiyaları zəlzələdən dərhal sonra yerlərdə məktəblərə baxışlar keçirmiş, qəzalı məktəb binaları təcili sökülmüş, yerində müasir standartlara uyğun, yüksək ballı zəlzələlərə davamlı yeni binaların tikintisinə başlanılmışdır. Diqqətə çatdırılmışdır ki, rayonda FHN tərəfindən inşa edilən 23 məktəb binasından 14-ü artıq şagirdlərin istifadəsinə verilmişdir. Bu gün daha 3 məktəb binası qapılarını kollektivlərin üzünə açır. Yaxın günlərdə rayonun kəndlərində daha 4 məktəb binası istifadəyə veriləcəkdir. İki məktəbdə isə tikinti işləri oktyabrın sonunda yekunlaşacaqdır. Altı məktəb binasında bərpa-gücləndirmə işləri aparılmışdır. Eyni zamanda, zəlzələdən zərər çəkmiş 9 uşaq bağçasında da bərpa-gücləndirmə və tikinti işlərinə başlanılmışdır. Məktəbin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olmuşlar. Daha sonra rayon rəhbərliyi və FHN-nin nümayəndələri Aşağı Tala və Danaçı kəndlərindəki 1 nömrəli tam orta məktəblər üçün FHN tərəfindən inşa edilmiş yeni binaların açılış mərasimlərində iştirak etmişlər.