Ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edir.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin 28 sentyabr tarixində yaydıqları birgə bəyanatı təkcə xalqla hökümətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edir. Siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatı ilə ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini açıq şəkildə bildirir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlara son qoyulmasını istəyirlər.
Milli həmrəylik nümayiş etdirə bilməyən, özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüf olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməməklə əsl simalarını göstərərək, aydın şəkildə Vətən müharibəsinə etinadsız qaldıqlarını təsdiqlədilər. Azərbaycan xalqının son 30 ildir səbrsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günündə ümummilli dəyərlərə sahib çıxmayaraq, düşmən dəyirmanına su tökərək, siyasi ədavət saxlayan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyaları belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.
Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdəndir. Ermənistanın təxribatları münaqişə zonasından kənara çıxartmağa çalışması heç də təsadüf deyil, əksinə onların məkrli və çirkin niyyətlərinin göstəricisidir.
Cəbhədə baş verən hadisələr bu gün xalqı, cəmiyyəti bir olmağa, vahid olmağa, hər zamankindən daha çox dövlət, prezident ətrafında birləşməyə ruhlandırır. Bu gün Azərbaycanın qarşısında dayanan yeganə problem torpaqlarımızın işğal altında qalmasıdır. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında düşmən tərəfin işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktını insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb edirlər. Əgər beynəlxalq münasibətlər sistemində ikili standartlar hökm sürməsəydi və Ermənistan ayrı-ayrı siyasi mərkəzlər və dövlətlər tərəfindən himayə olunmasaydı, Azərbaycan işğal altında olan ərazilərini çoxdan azad etmişdi. Reallıq ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin son 17 ildə inkişaf etdirdiyi Azərbaycan hərbi və iqtisadi gücünə görə Ermənistanı dəfələrlə üstələyir. Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər. Erməni tərəfinin danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səylər göstərərək, artıq uzun illərdir ki, mövcud olan danışıqların formatını dəyişmək istəyidir.
Ermənistan sülhü və beynəlxalq hüququ rədd edən addımlarından ötən zaman ərzində bir dəfə belə əl çəkməmişdir. Atəşkəsin mütəmadi olaraq pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur. İyul təxribatlarından sonra avqust ayında onlar təmas xəttinə diversiya qrupunu göndərmiş və bu diversiya qrupu təcrübəli Azərbaycan Orsudu tərəfindən zərərsizləşdirilmişdir. Bu hadisələr özü Ermənistanın heç bir danışıq prosesinə maraqlı olmadığını bir daha sübut edir.
Heç kəsə sirr deyildir ki, Ermənistan tərəfindən yürüdülən təxribat siyasəti daxili sosial narazılıqların boğulmasına hesablanıb. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Erməni höküməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Rəsmi Yerevanın, Ermənistanın siyasi elitasının militarist, məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək isə beynəlxalq riyakarlığın təzahürüdür. Siyasi partiyaların rəhbərləri qeyd olunan bəyanatda Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlara qarşı adekvat tədbirlərin görülməsini tələb edirlər.
Azərbaycan hər zaman olduğu kimi bu gün də ədalətli və məsuliyyətli mövqe nümayiş etdirir. Bəyanatda partiya rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi marağımız yoxdur.” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutmasının göstəricisidir. Deməli ölkə prezidentinin yürütdüyü siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət partiyalarına bölünməz, bu bölgünü aparmaq istəyən qüvvələr düşmən siyasətini dəstəkləyən, siyasi dialoq çağırışlarına cavab verməyən siyasi partiyalar beşinci kalonu təmsil edir. Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoqa cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur.
Bu çətin və şərəfli günlərdə hər bir vətəndaşı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Bu gün hər bir azərbaycanlı şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğunu nümayiş etdirir. Vətənimizin bu şərəfli yolunda hər bir Azərbaycan vətəndaşı Cənab Ali Baş Komandanın istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərdir.
YAP Zaqatala Rayon
Təşkilatının sədri
Habil Qurbanov