Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir.
Ölkədə Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan höküməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır. Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Ölkə daxili hərbi vəziyyətin elan olunması təkcə yüksək hazırlığımızdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir. Bəli, bu gün cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu siyasətin nəticəsində Azərbaycanda çox az sayda cəmiyyətdə mövcud olan xalq, dövlət, ordu həmrəyliyinə nail olunmuşdur. Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesaj olmaqla, Azərbaycan xalqının ruh yüksəkliyini və haqq uğrunda mübarizəyə hazır olmasını göstərir. Ölkədə olan hərbi vəziyyət, hər bir azərbaycanlı üçün milli birliyə çağırışdır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli birliyin ən ali təcəssümüdür.
Münaqişənin həlli istiqamətində Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən biri hücum diplomatiyasınının həyata keçirilməsi və bu çərçivədə erməni yalanlarını, düşmənin işğalçılıq siyasətini davamlı şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır. Prezidentin hücum diplomatiyası Ermənistanın ifşasını sürətləndirir. Azərbaycan Respublikası daxilində hərbi vəziyyətin elan edilməsi Ermənistanın işğal siyasətinə cavabdır, militarist ritorikanın davamı deyildir. Bu Fərmanla Azərbaycan Ordusu erməni işğalının qarşısının alınması istiqamətində əsaslı addımlar atır.
BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların problemlərin həllinə dair qərarları qəbul olunduğu gündən kağız üzərində qalır. Yaxın tariximizdə dünya ictimaiyyətinin ayrı-ayrı dövlətlərin beynəlxalq hüquqa zidd olan əməllərinə qarşı nəinki siyasi, həm də güc yolu ilə təsir etmələrinə dair çoxsaylı faktlar var. Ermənistan isə cəzasız qalaraq bütün dünyanın və Avropanın gözü qarşısında təcavüzkar siyasətini davam etdirir.
Prezident İlham Əliyevin apardığı uğurlu, çevik və qətiyyətli siyasət sayəsində Ermənistan yaxın müttəfikləri tərəfindən belə müdafiə olunmur, çünki apardığı aqressiv siyasət ölkəmiz tərəfindən aparılan diplomatik həmlələrlə ifşa edilir. Prezident İlham Əliyevin dünyanın ən ali tribunalarından etdiyi çıxışlarda Ermənistanın faşist, antiinsani siyasətini, yeni müharibə planlarını ifşa etməsi, Ermənistana qarşı açıq çağırışları, beynəlxalq hüquq normaları çərçivəsində işğal olunan ərazilərin erməni qoşunları tərəfindən boşaldılmasına yönəlik irəli sürdüyü tələblər Ermənistanın beynəlxalq cəmiyyət tərəfindən təklənməsinə və basqılara məruz qalmasına səbəb olmuşdur. Bu gün Ermənistan təkcə cəbhədə deyil, siyasət və diplomatiya meydanında da uduzur. Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə, bütünlükdə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
Hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi onun Azərbaycana qarşı təcavüzkar siyasət keçirməsidir. İki il bundan əvvəl Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən hazırkı hakimiyyət də bundan əvvəlki kriminal rejimin siyasətini davam etdirir. Bu gün Ermənistan xalqı başa düşməlidir ki, möhkəm sülhün təməli işğalçı erməni qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal altında olan digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bu hədəfə çatmaq kompromis deyil, zərurətdir.
Bu gün Azərbaycanın qüdrətli Silahlı Qüvvələri tərəfindən qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir. Aparılan döyüş əməliyyatları göstərir ki, şəhid olan hərbiçilərimizin qisası alınır.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Biz başa düşməliyik ki, Azərbaycan Ordusu öz əzəli torpaqları üçün mübarizə aparır. Bu gün hər bir vətəndaş öhdəsinə düşən məsuliyyətin fərqinə vararaq, düşünülmüş addımlar atmalıdır. Unutmamalıyıq ki, öz rəsmi təsdiqini tapmayan məlumatlara inanmamalı və yaymamalıyıq. Bu gün hər birimiz dövlətlə bir olaraq, vahid Azərbaycanı qorumalıyıq. Azərbaycan xalqı əmin ola bilər ki, zəfər müjdəli xəbərlər yoldadır, qələbə Azərbaycan Ordusu ilədir!
Zaqatala RİH Başçısının
Birinci müavini: Tofiq Əhmədov