Son illər Zaqatalada fındıq bağlarının ümumi sahəsi iki dəfədən çox artıb
Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Zaqatala rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən biridir. Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2016-cı ilə kimi rayonda cəmi 9 min 575 hektar fındıq bağı mövcud idisə, son dörd ildə fındıq bağlarının ümumi sahəsi iki dəfədən çox artırılaraq 20 min 181 hektara çatdırılıb. Bu bağların 12 min 80 hektarı barverəndir.
Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılması ilə əlaqədar indi kənd adamları fındıqçılığın inkişaf etdirilməsinə daha çox diqqət ayırırlar. Bu da səbəbsiz deyil. Yeni qaydalara əsasən, fermerlərə bağın hər hektarına görə 240 manat subsidiya verilir.
Rayonun fındıq bağlarında məhsul yığımı artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, yığım başa çatmış bağlarda kompleks aqrotexniki tədbirlərə də başlanılıb. Hazırda Zaqatala bazarında fındığın bir kiloqramının qiyməti 3,7-4,5 manat arasında dəyişir.
Qeyd edək ki, 2019-cu ildə Zaqatalanın fındıq bağlarından 15 min 343 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 275 ton artıb.