BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Ümumilikdə 182 ölkənin dövlət və hökümət başçısının videoformatda çıxış etdiyi iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Cənab Prezident öz çıxışında Azərbaycan Respublikasının 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçildiyini, 2019-cu ilin oktyabrında isə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycanın sədrliyini öz üzərinə götürdüyünü bildirib. Bu çıxışını Qoşulmama Hərəkatına üzv dövlətlərin adından etməkdən şərəf duyduğunu vurğulayan İlham Əliyev insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam etdiyini, həmçinin beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacın olması baxımından Qoşulmama Hərəkatının rolunun mühüm əhəmiyyətə malik olduğunu söyləyərək Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verdiyini və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab etdiyini vurğulayıb. Azərbaycan Respublikasının prezidenti həmçinin öz çıxışında BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlar üçün çağırış etdiklərini bildirib. Qoşulmama Hərəkatının artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayan cənab İlham Əliyev BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edib. Bu il həmçinin Qoşulmama Hərəkatı təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyinın qeyd edildiyi və qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri Soyuq müharibə dönəmində istiqamətləndirdiyi, soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmadığını, əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onların bu gün hər zaman olduğundan daha əhəmiyyətli olmasını dilə gətirib.
Çıxışını Azərbaycan adından davam etdirən dövlət başçısı Azərbaycanın müstəqillik əldə etdikdən sonra 1992-ci ildən bəri BMT-yə üvz olduğunu, təxminən 30 illik müstəqillik dövründə Azərbaycanın müxtəlif sahələrdə böyük nailiyyətlər qazandığını vurğulayıb. Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürdüklərinə baxmayaraq Ermənistanın öz öhdəliklərini kobud şəkildə pozmasını və Azərbaycana qarşı hərbi güc tətbiq etməsini vurğulayan ölkə başçısı Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etməsi faktını , BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinə Ermənistanın hələ də məhəl qoymadığını bildirib. İşğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirən, Xocalı faciəsini törədən, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatlar törətməkdən əl çəkməyən Ermənistan tərəfi qəsdən mülki əhalini hədəf alır, sərhəd rayonlarını artilleriya atəşinə məruz qoyur.
Azərbaycan Respublikasının Prezidenti öz çıxışında həmçinin bildirib ki, Ermənistan tərəfi sülh prosesində iştirak etmir, onun baş nazirinın “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Hazırda yeni müharibəyə hazırlaşan Ermənistan “Yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə Azərbaycanı hədələyir. İki dövlət arasında gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü və münaqişənın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu da çıxışda vurğulanıb.
Bu gün Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq etməklə Qoşulmama hərəkatına rəhbərlik edir. 2020-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşdular. Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə kimi göstərilir. Uzaqgörən siyasətçi kimi ölkə rəhbərinin gördüyü qabaqlayıcı tədbirlər, atılan sistemli addımlar nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altında saxlanılmış, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır.
Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır. Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biri olmaqla mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoq, Azərbaycanda 2015-ci ildə ilk Avropa Oyunlarının, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun , 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilmısi mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur. Bu və görülən çox sayda işlər bir daha təsdiqləyir ki, bu gün artmışdır. Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir. Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.
BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazır olan Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir. Azərbaycan bu gün ölkəmizin demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə xarici ölkələlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.
Zaqatala Telekommunikasiya Qovşağının rəisi
Həsən Ömərov