Artıq Azərbaycan “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır.
Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 70-ci illərdən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlamışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər. H.Z.Tağıyevin Bakıda ilk qız məktəbinin açılmasında, azərbaycanlıların xaricdə təhsil almasında, Bakının abadlaşdırılmasında xüsusi rolu vardır. Tağıyev həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına köməklik etmişdir. İkinci dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını almışdır. Bu fakt isə erməni mediasında Azərbaycan və Dağıstan xalqları arasında süni gərginlik yaratma cəhdləri kim qələmə verilmişdi.
İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynamışdır. Bunun müqabilində isə Sovet İttifaqı Azərbaycana dağılmış iqtisadiyyat, dağılmış neft infrostrukturu miras qoymuşdu. Müstəqillik dövrünə qədər çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Sovet vaxtında Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bir çox rayonlarında qaz xətləri yox idi. Halbuki bu gün Azərbaycanın ucqar yaşayış məntəqələrinə belə qaz xətləri çəkilmişdir və qazlaşdırmanın səviyyəsi günü-gündən artmaqdadır.
Artıq Azərbaycan “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır. “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir. Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır və bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır. “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Artan daxili tələbatı ödəmək məqsədilə “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Əlbəttə ki, Azərbaycanın bu sahədə uğurlu inkişafında neftçilərin də çox böyük rolu vardır. “Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında, karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir. “Abşeron”, “Qarabağ” və digər layihələrin icrası bundan sonra da neft-qaz amilini öndə saxlayacaq. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. Azərbaycanın Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri həmişə xatırlanmalı, yeni nəsillərə onların nümunəvi həyatı təbliğ olunmalıdır.
Bu gün Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycan bu gün infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdədir.Neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur. Cənab Prezident öz çıxışında “Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün deyildi” fikirlərini vurğulayıb. Bəli, həqiqətən də o dövrdə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Ekoloji fəlakət zonası olan Balaxanı gözəl bir qəsəbəyə çevrilib. Qara şəhər artıq yoxdur, onun yerində Ağ şəhər var. Sumqayıt bu gün ən təmiz şəhərlərdən biridir. Cənab Prezident öz çıxışlarında vurğulayır ki, Bakının bütün qəsəbələri abadlaşdırılmalı, tarixi abidələr bərpa edilməli, orada insanlar üçün daha yaxşı şərait yaradılmalı, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır.
İki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq. “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq. Ekologiyanın sağlamlaşdırılması üçün atılan addımlar xalqın, gələcək nəslin sağlamlığı üçündür. Çar Rusiyası və sovet dövründə bu addımlar atılmayıb, sərvətlərimiz yalnız istismar edilib, insan amili nəzərə alınmayıb. Bu günkü Azərbaycanda cənab Prezidentin tələbi ilə “qara qızıl” insan kapitalına çevirilir, vətəndaşlara xidmət edir. Bütün bunlar Prezidentin ölkənin və bölgənin geosiyasi mövqeyi, diplomatiya, demoqrafik reallıqlar, iqtisadiyyat, ekologiya, sosial rifah haqqında çağdaş və tarixi aspektdən olduqca aydın və geniş vizion sahibi olmasının göstəricisidir. Azərbaycanda ölkə rəhbəri tərəfindən atılan uğurlu addımlar, görülən sistemli işlər vətəndaşların, gələcək nəsillərin daha yaxşı şəraitinə, daha yaxşı həyat tərzinə, sosial rifahına, ölkənin uğurlu gələcəyinə təminat verir.
Zaqatala Regional Qaz İstismar İdarəsinin
Zaqatala xidmət sahəsi üzrə rəis müavini
İlkin Nəsibov