Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab prezidentin qeyd etdiyi kimi “Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq''

22 sentyabr 2020 | 16:00

1988-ci ildə ermənilər tərəfindən Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir O, dünyanın müxtəlif dairələrinin himayə etdiyi qurama “erməni məsələsi”nin mahiyyətini, erməni millətçilərinin xalqımıza qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə respublikaya rəhbərliyinin birinci dövründən başlayaraq gizli formalarda təzahür edən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qarşısını qətiyyətlə kəsmişdi. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Ermənipərəst Mixail Qorbaçovun timsalında sovet rəhbərliyi isə münaqişənin qarşısını vaxtında almaq əvəzinə, onun qanlı müharibəyə çevrilməsinə şərait yaratdı, Azərbaycanı süni surətdə oyundankənar vəziyyətə salmaqla ərazilərimizin 20 faizinin itirilməsinə bais oldu.
Lakin belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan və Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən Heydər Əliyevin bundan sonra çoxsaylı terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alaraq, siyasi sabitliyə və sosial-iqtisadi dirçəlişə nail oldu, Qarabağ müharibəsinin gedişində dönüş yaradaraq düşməni atəşkəs müqaviləsi bağlamağa məcbur etdi. O, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti haqqında dünya dövlətlərini lazımınca məlumatlandırdı, ayrı-ayrı dövlətlərin, regional təşkilatların Ermənistanın mövqeyini pisləyən qərarlarının, bəyanatlarının qəbul edilməsinə nail oldu.
Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağla bağlı hərtərəfli düşünülmüş, dünya birliyi tərəfindən qəbul edilən siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab prezidentin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqamlar axtaran bütün tərəflərin suallarına tutarlı cavab verərək bütün həqiqətləri söyləməsi rəsmi Bakının xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi. Prezident İlham Əliyev müsahibəsində bu vaxta qədər həyata keçirdiyi siyasətdə daim dürüst olmaqla və xalqının maraqlarını qorumaqla öz xalqı qarşısında hesabat verməyə həmişə hazır lider olduğunu bir daha göstərdi.
Heç kimə sirr deyildir ki, bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Təcrübəsiz baş nazir Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Sosial-iqtisadi problemlərlə yanaşı Ermənistanda siyasi vəziyyət də ağırdır. Paşinyan hökuməti müxtəlif manipulyasiyalar, cəfəng bəyanatlarla danışıqlar prosesini pozur, hərbi-siyasi xarakterli təxribatlarını davam etdirir. Gah danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar absurd iddialar səsləndirir, gah işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırmaya start verir, beləliklə, dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququn normalarını pozmağa davam edir.
Paşinyan hökumət başçısı olandan sonra Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmiş, daha sonra Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir. Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir. Hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmışdır. Lakin münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmaması, cəbhə xəttində baş verən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son olaylarda işğalçı Ermənistan vandal iç üzünü və təxribatçı xislətini bir daha nümayiş etdirdi.
Populist çıxışları ilə tanınan N.Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları zərərsizləşdirməsi heç kimə sirr deyildir. Hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Fondu tərəfindən dəstəkləndiyi də hər kəsə məlumdur. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistan parlamentindəki “Çarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Çarukyanla bağlı son hadisələr fonunda Ermənistanda iş aparan təşkilatların çoxu baş verənləri görməzdən gəlmişdir. Müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də beynəlxalq təşkilatlar buna reaksiya verməmişdir. Avropa Şurası, Ermənistan üzrə məruzəçilər “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanın beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə və işğal siyasətini davam etdirməsinə, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradırlar.
Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi də növbəti təxribat, açıq təhqirdir. Bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş “seçki” şousunun nəticələrinin heç bir hüquqi əsası yoxdur. Qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır. Bütün bunlar azmış kimi, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir. Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi, iyul hadisələri, mülki vətəndaşlara qarşı terror aktları bütün bunlar ölkəmizə qarşı açıq təxribatlardır. Cənab prezidentin də vurğuladığı kimi “Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.”
Son illərdə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyan Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatının əvvəlcədən hazırladığını göstərən faktlardan biri də döyüş başlazmadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Serbiyadan çox sayda silah-sursat almasıdır. Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətməmiş, Serbiyanın Ermənistanın işğalçı siyasətinə dəstək xarakteri daşıyan addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilmişdir. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdıraraq bir daha ölkəmizin maraqlarının təmin edilməsində prinsipiallıq nümayiş etdirmişdir.
Məlum olduğu kimi Cənubi Qafqaz regionunun Azərbaycana ən yaxın müttəfiqi olan Gürcüstanla əlaqələri çox qədim tarixə dayanır. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri artıq strateji əməkdaşlıq səviyyəsində öz inkişafını davam etdirir. Cənab prezident müsahibə verərkən özünü çox etibarlı tərəfdaş kimi aparan Gürcüstan hökumətinə də təşəkkürünü bildirdi.
Azərbaycan ilə Türkiyə dövlətləri arasındakı münasibətlərin bu gün bütün dünya dövlətlərinə əsl örnək, nümunə olduğunu qeyd edən cənab prezident müsahibəsində bu əlaqələrinin bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürünü bildirdir. Türkiyənin Azərbaycana bütün sahələrdə dəstək olması, xüsusilə də Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq siyasətini daim pisləməsi, bu sahədə bütün imkanlarını səfərbər etməsi bir daha onu sübut edir ki, doğurdan da Azərbaycan və Türkiyə dövlətləri arasında olan qardaşlıq münasibəti sarsılmazdır.
Azərbaycanın İslam həmrəyliyi məsələsində həmişə fəal olduğunu bildirən cənab prezident yerli televiziya kanallarına müsahibəsində “Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında müsəlman dini abidələrinə qarşı soyqırımı törədib, bizim məscidləri dağıdıb. Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin” deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu, yalnız Azərbaycana qarşı deyil, bütövlükdə müsəlman aləminə edilən təhqirdir, həm də cinayətdir.
Bəli, Ermənistan bütün bu təxribatın və işğalın bir sonu olacağını mütləq anlamalıdır. Azərbaycan mütləq öz ərazi bütövlüyünü bərpa edəcək və işğal edilmiş ərazilərimizi bütün erməni terrorçularından təmizləyəcəkdir. Cənab prezidentin qeyd etdiyi kimi “Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq!”


Zaqatala Hərbi Prokuroru: Əli-Məmmədov Elşən

Keçidlər