Şriftin ölçüsü :

Saytın rəngi :

Sənayenin inkişafına dair proqramların icrası nəticəsində regionlarda sənayeləşmə prosesi geniş vüsət almışdır.

15 sentyabr 2020 | 16:00

Azərbaycanda son illərdə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin inkişafının  təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması baxımından xüsusilə əhəmiyyətlidir. 
Sənayenin inkişafına dair proqramların icrası nəticəsində regionlarda  sənayeləşmə prosesi geniş vüsət  almışdır. Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı,  Mingəçevir və   Pirallahı  Sənaye  Parkları  fəaliyyət  göstərməkdədir.  Hər bir sənaye məhəlləsi 10-dan çox müəssisəni özündə birləşdirməklə, yeni iş yerlərinin açılmasına öz töhfəsini verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmış Sumqayıt  Kimya Sənaye parkının ərazisində  neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların  istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.    2015-ci ildə  Sumqayıt Kimya Sənaye Parkının rezidentləri olan "Azertexnolayn" MMC-nin texniki avadanlıqlar zavodunun,  2018-ci ildə  “SOCAR Polymer” MMC-nin Polipropilen istehsalı zavodunun  və  parkda yerləşən Ferroərintilər zavodunun, Siqaret fabrikinin və İnşaat Kimyəviləri  Zavodunun,  2019-cu ildə  Karbamid zavodunun və  “SOCAR Polymer” MMC-nin Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun, 2020-ci il 6 aprel tarixində parkda yerləşən “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olmuşdur. 14 sentyabr 2020-ci il tarixində isə Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olmuş,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edərək mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur. Sənaye parkı ərazisində yaradılan peşə təhsili müəssisəsində  tələbələrə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaqdır. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq, tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.
Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılmış və  Sumqayıt bu gün yüksək ekoloji standartlara cavab verən şəhərlərdən biridir. Sovet vaxtında ekoloji vəziyyəti o qədər də ürəkaçan olmayan  Sumqayıt bu gün tamamilə  abadlaşdırılmış, şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülmüş  və yeni  infrastruktur layihələri icra edilmişdir.
Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. 2020-ci ilin ilk 6 ayı ərzində məhsul istehsalı  ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft  sektorunda  xüsusi çəkisi 9,3 faiz, ölkə üzrə qeyri-neft sənaye məhsullarının  ixracında xüsusi çəkisi  isə 20 faiz təşkil etmişdir. Hazırda Parkda  fəaliyyət  göstərən  müəssisələrdə  5500-dən  çox  insan daimi işlə təmin olunmuşdur. 
Açılış mərasimində Sumqayıtın potensialının daha da gücləndiyini qeyd edən cənab prezident bildirmişdir  ki,  “Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaqdır.  Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımızı təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya  görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik.”
“Daxili  tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir” deyən cənab Prezident  tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün  bizə keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələrin  lazım olduğunu,  xaricdə yaşayan azərbaycanlı iş adamlarının  Azərbaycana vəsait qoymalı olduqlarını  bildirmiş,  Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı gördüyünü xüsusi olaraq vurğulamışdır.
Qeyd edilənlər onu göstərir ki, indi ölkəmizdə böyük imkanlara malik istehsal müəssisələri, sənaye obyektləri mövcuddur. İqtisadi sferada islahatların davam etdirilməsi və həyata keçirilən digər tədbirlər sənayenin inkişafına müsbət təsir göstərməkdədir. Bu səbəbdən Azərbaycan dünyada həm də sənayenin inkişaf tempi baxımından seçilən dövlətlərdən biri kimi qəbul olunmaqdadır.  Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeləşmə siyasəti uğurla davam edir  və bu sahədə yeni istiqamətlərin müəyyənləşdirilməsi şübhəsiz ki, ölkə iqtisadiyyatının ümumi inkişafına da mühüm töhfələr verir.
YAP Zaqatala rayon təşkilatı
Qadınlar    şurasının     sədri                           
Vəfa Süleymanova

Keçidlər