“Olimpiya” adlı bədii film çəkilir
Azərbaycanın səfalı guşələrindən olan Balakən-Zaqatala zonasında “Olimpiya” adlı bədii filmin çəkilişləri aparılır.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyası tərəfindən çəkilən filmə Əli- Səttar Quliyev quruluş verib.
Rejissor bildirib ki, ötən il “Mozalan” studiyasının istehsalı olan “Əlvida, Şmidt!” filmi ekranlara çıxandan sonra ssenari müəllifi Rüstəm Babazadə ilə yeni bir filmin ideyasını verdik. Keçmiş Olimpiya mükafatçısının həyatından bəhs edən, melodram janrında olan ekran əsərinin çəkilişləri avqustda başlanıb və bir ay müddətində davam edəcək. Azərbaycanın şimal bölgəsində və paytaxt Bakıda lentə alınacaq filmdə maraqlı obrazlar və tanınmış aktyorlar rol alıb. Ekran əsərinin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Arif Niftiyev, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Tərlan Babayevdir.