Zaqatala şəhərində pandemiya əleyhinə təkrar dezinfeksiya işləri aparılıb
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonu ərazisində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Avqustun 28-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri dezinfeksiyaedici məhlulla yuyulub, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları, bankomatların yerləşdiyi ərazilər təkrar dezinfeksiya olunub.
Eyni zamanda, rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün gündəlik olaraq ciddi nəzarət tədbirləri həyata keçirilir.