Şriftin ölçüsü :

Saytın rəngi :

Hər zaman ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan Prezident İlham Əliyev

14 avqust 2020 | 16:00

Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verən son olaylarda işğalçı Ermənistan vandal iç üzünü və təxribatçı xislətini bir daha nümayiş etdirdi. Tovuz hadisələri düşmənin Azərbaycan ordusunun sərt zərbələrinə hədəf olması ilə yanaşı, həm də onun beynəlxalq aləmdə təcrid edilməsi ilə yadda qaldı. Xüsusən də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi almaması bu ölkədə şok effekti yaratdı. Vaxtı ilə təhqir etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ətəyindən yapışaraq ondan kömək istədi. Lakin buna nail ola bilmədi.
Xatırladaq ki, Ermənistan 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olub. Müstəqilliyini elan etdikdən sonra Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərdən üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə, Belarus isə Qoşulmama Hərəkatının bəyanatına qoşularaq Azərbaycanı birmənalı şəkildə dəstəklədi. Çünki bu dövlətlərin Azərbaycanla yaxşı müansibətləri var və öz siyasi iqtisadi maraqlarını Ermənistanın təhlükəsizlik problemlərinə qurban vermək istəmirlər.
Bonn Beynəlxalq Konversiya Mərkəzinin beynəlxalq silahlanma indeksinə dair məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış ölkədir. Diqqət çəkən odur ki, Ermənistan kasıb ölkədir, iqtisadi gücü nə vəziyyətdədirsə, hərbisi də ona adekvatdır. Hesabatlardakı rəqəmlər əslində Ermənistanın deyil, Rusiyanın gücünün göstəricisidir. O anlamda ki, Ermənistanı qüvvətli edən Rusiya ilə hərbi ittifaqdır. Bu gün Ermənistana silah Rusiya vasitəsilə ötürülür. Özü də güzəştli şərtlərlə.
Ermənistanın silahlanmasının əsas maddi bazası erməni lobbisinin dəstəyidir. Bu gün erməni lobbisinin ayırdığı vəsait hesabına Ermənistan silah əldə edir. Bu hal Ermənistanın işğal siyasətini davam etdirmək istəyinin real göstəricilərindəndir. Belə ki, illərdir işğal etdiyi torpaqlardan çıxmayan Ermənistan danışıqlardan da yayınır. Vaxt uzatmaqla əlavə silahlar əldə edir.
Son illərdə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyan Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatının əvvəlcədən hazırladığını göstərən faktlardan biri də döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Serbiyadan çox sayda silah-sursat almasıdır. Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb olmuşdur. Özünə az-çox hörmət edən heç bir ölkə bu cür riyakar və ikibaşlı diplomatik siyasət yürütməz. Serbiyanın bu addımı heç bir sağlam məntiqə sığmır. Çünki Azərbaycan bu ölkənin ən kritik məqamlarında serb xalqına hər mənada dəstək olub, kömək edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Serbiya özü də separatçılıqdan, bölücülükdən əziyyət çəkən ölkələr sırasındadır. Belqradın beynəlxalq terrorizmi dəstəkləyən bir ölkə ilə birgə silah qaçaqmalçılığına təşəbbüs göstərməsi heç cürə anlaşılan deyil.
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi. Daha sonra Serbiya prezidenti İlham Əliyevə zəng edərək Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirərək Serbiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini Bakıya göndərdi.
Xatırladım ki, Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Ermənistana Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək 7 reys silah daşınmışdır. Son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərin inkişaf etdiyi, Ermənistanda isə Rusiyaya qarşı aqressiyanın artdığı bir vaxtda Moskvadakı hərbi elitanın Ermənistana silah satması təəccüblü və təəssüfedicidir. Rusiya ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri kimi münaqişə ilə bağlı münaqişədə işğalçı tərəf kimi tanınan Ermənistanı təcavüz və təxribat siyasətindən çəkindirməli olduğu halda, əksinə işğalçıya dəstək verir. Ermənistan kimi təcavüzkar və işğalçı bir dövlətin silahlandırılmasi əslində işğala dəstək deməkdir.
Prezident İlham Əliyev avqustun 12-də baş tutmuş telefon söhbətində Rusiya Prezidenti Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat vermiş, təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu , bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirmişdir.
Dövlət başçısı Ermənistan-Azərbaycan sərhəddində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən avqustun 4-ə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır.
Hər zaman ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan Prezident İlham Əliyev bir daha milli maraqların qorunmasında qətiyyət nümayiş etdirməklə ölkəmizin maraqlarının təmin edilməsində prinsipiallıq nümayiş etdirdi. Azərbaycanın milli maraqlarına təsir edən istənilən məsələni istənilən ölkə, o cümlədən Rusiya qarşısında ciddi şəkildə qaldıraraq hər kəsə Azərbaycan xalqının və dövlətinin maraqları ilə hesablaşmağın vacibliyini göstərdi.

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət
Xidmətinin Zaqatala şöbəsinin rəisi
Emin Bağırov

Keçidlər