Şriftin ölçüsü :

Saytın rəngi :

Dinamik inkişaf tempinə malik olan müstəqil Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir.

24 iyul 2020 | 16:00

Dinamik inkişaf tempinə malik olan müstəqil Azərbaycanda uğurlu və mütərəqqi sosial siyasət həyata keçirilir. Ölkədə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir. Respublikamızda həyata keçirilən  sosial siyasətin mühüm istiqamətlərindən birini  şəhid  ailələrinin, Qarabağ müharibəsi  veteranları və əlillərinin müdafiəsi təşkil edir. Dövlət başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə iyulun 21-də şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasiminin keçirilməsi də  bunun bariz  ifadəsidir. 
Həmin mərasimdə cənab Prezident pandemiya dövründə ölkəmizdə reallaşan sosial layihələrlə bağlı geniş məlumat verərək qeyd etdi ki, dövlət şəhid ailələri, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür. Qlobal böhranın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq bu kateqoriyadan olan vətəndaşlar üçün yeni mənzillər tikilir, onlar avtomobillərlə təmin edilirlər. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev,  müharibə əlillərinə  6900 avtomobil təqdim olunub. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz,  məcburi köçkünlər üçün müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz artırılıb.
Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Özünüməşğulluq proqramının icrası uğurla davam etdirilib. Bu il həmin proqrama 12 min insanın cəlb olunması, 90 min insanın isə ödənişli ictimai iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub. Pan¬demiyanın hökm sürməsinə və dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq,  ölkəmizdə bir dənə də olsun sosial  layihə  ixtisar  edilməyib. Dünyada geoiqtisadi risklərin yüksəlməsi və problemlərin dərinləşməsi, neftin qiymətindəki qeyri-sabitlik fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.
Bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal pandemiya yayılmağa başladığı ilk günlərdən Azərbaycanda bütün istiqamətlər üzrə qabaqlayıcı tədbirlər həyata keçirilmiş, səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirilmiş, xüsusi avadanlıqların, tibbi ləvazimatların ölkəyə gətirilməsi təmin edilmiş, xarici ölkələrdən həkimlər cəlb edilmiş, qoruyucu  və  dezinfeksiya vasitələrinin istehsalı təşkil olunmuşdur. Ən müasir standartlara cavab verən "Yeni klinika” və modul  tipli xəstəxanalar quraşdırılaraq  istifadəyə  verilmişdir.
Lakin təəssüflə qeyd etməliyik ki, neftin qiymətinin kəskin ucuzlaşmasına nəinki Ermənistan, hətta ölkəmizdə də sevinən "qüvvələr” var.  Özünü "milli şura” adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstənin  neftin qiymətinin aşağı düşməsinə sevinməsi, Təcavüzkar Ermənistanın Tovuz rayonu istiqamətində hərbi   təxribatının qarşısını qətiyyətlə alan rəşadətli  ordumuza dəstək məqsədilə keçirilmiş aksiya çərçivəsində yaradılmış şəraitdən sui-istifadə edərək prosesə qondarma siyasi axar verməyə, onu nəzarətdən çıxarmağa cəhd göstərməsi  bir daha təsdiq edir ki, onlar Azərbaycanın güclənməsinin deyil, zəifləməsinin tərəfdarıdırlar. Bu da, Prezidentin söylədiyi kimi, müxalifətçilik yox, əsl düşmənçilikdir. 90 –cı illərdə başı müsibətlər çəkmiş  Azərbaycan xalqı  o dövrə qayıtmamaq üçün həmin antimilli qüvvələrin məkrli niyyətinin baş tutmasına imkan verməyəcəkdir. 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri cəmiyyətin bütün təbəqələri tərəfindən ciddi qınanılır, bu kimi pozucu fəaliyyətə  lazımi  qiyməti  verilir.
Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz bu günlərdə heç vaxt olmadığı qədər, çox güclü beynəlxalq dəstək gördük. Türkiyənin Prezidenti, Türkdilli  Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatında cəmləşən 120 ölkə  və   57 ölkəni  birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı olaraq  dəstək oldu. Məhz ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistanın cəmiyyətində ciddi xaos hiss olunmağa başladı. İşğalçı ölkənin tək ümidi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı idi. Azərbaycan Ordusunun cavab həmləsindən sonra təlaşa düşən işğalçı bu quruma yalvararaq ölkəmizə qarşı bəyanat qəbul etməsini xahiş etdi və rədd cavabı aldı. Bütün bu məsələlər bir daha onu göstərir ki, Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ölkəmizin həyata keçirdiyi xarici siyasət prinsipial, qətiyyətli və xalqımızın mənafeyinə tam uyğundur.  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və  aktiv, hücumçu  diplomatiya  həyata  keçirməkdədir.


YAP  Zaqatala  rayon  Gənclər
təşkilatının   sədri                                              

Elbrus Məmmədov

Keçidlər