Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur.

23 iyul 2020 | 16:00

İyulun 12-dən etibarən dövlət sərhəddimizin  Tovuz rayonu  istiqamətində  Ermənistanın xaincəsinə hücumunun qarşısı  Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınmış, düşmənə ağır zərbələr endirilərək çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmiş, qəhrəmancasına şəhid olmuş əsgər və yüksək rütbəli zabitlərimizin qisasları alınmışdır. Bu hadisələr ölkəmizdə xalq və Prezident,  xalq və ordu birliyini yenidən təsdiq etmiş,  Azərbaycan Ordu¬sunun yüksək döyüş ruhuna, ən müasir silah sistemləri və kadr ehtiyatlarına sahib olduğunu, Ermənistan ordusunun  onun qarşısında  aciz və cılız olduğunu növbəti dəfə sübut etmişdir.
Prezident İlham Əliyevin  “Tovuz rayonunun Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında”  imzaladığı sərəncama uyğun olaraq, hazırda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur  obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi davam etdirilir. Dövlət başçısının sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılmış və təcili tədbirlər görülür.  Bu məqsədlə İşçi Qrup yaradılmış, mütəxəssislər cəlb edilmiş və ekspertlər dərhal Tovuz rayonuna ezam olunmuşlar.
Məlum təxribat nəticəsində Tovuzun 6 kəndində təxminən 35 ev,  eyni zamanda qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturu zərər görmüşdür.  Erməni təxribatı nəticəsində ziyan dəymiş bütün sahələrin yenidən bərpa edilməsi və bu sahədə görüləcək bütün işlərin tam və vaxtında, yüksək səviyyədə icra edilməsi  məqsədi  ilə dövlət başçısı  işlərin gedişini  nəzarətə götürmüşdür.  Bu gün real faktordur ki, Azərbaycan dövləti daima öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü  siyasət  həyata  keçirir.  Bu Sərəncam Tovuz sakinlərini, eləcə  də hər  bir Azərbaycan vətəndaşını  bir daha əmin etdi ki, dövlətimiz hər zaman  öz  vətəndaşının  yanındadır.  Bu,  Azərbaycanda baş verən yeganə hal deyil.  2016-cı ilin Aprel döyüşləri zamanı da anoloji hadisələr yaşanmış və erməni vandalları tərəfindən bir çox yaşayış məntəqələrimiz ağır artileriya, raket zərbələrinə məruz  qalmışdı.  Hücumlar nəticəsində  çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəymişdi. Bu gün insanlarımızın erməni qorxusu olmadan yaşadığı  Cocuq Mərcanlı da məhz 2016-cı ildə dövlət başçısının imzaladığı müvafiq Sərəncam əsasında yenidən qurulmuşdur və öz möhtəşəmliyi  ilə diqqət çəkir.
Bu gün cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, müəssisələr yaradılır. Ümumiyyətlə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ardıcıllığının nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə həllini tapır. Bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, onlar güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər. İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  təqdimat mərasimində iştirak etdiyi tədbirdə dövlət başçımız bildirib ki,  “Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür”.  Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanlar, canını fəda edənlər   heç vaxt unudulmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşılır. Sərhəddimizin  Tovuz rayonu  istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribat nəticəsində şəhid  olmuş general Polad Həşimov  və  polkovnik İlqar Mirzəyevin ailəsinə dövlət başçısı İlham Əliyevin tapşırığı ilə mənzillərin verilməsi də bu diqqət və qayğının daha bir bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun  prezidenti  Mehriban  xanım Əliyeva  hər zaman olduğu kimi bu dəfə də öz humanistliyini və xeyirxahlığını bütün dünyaya nümayiş etdirərək şəhid olmuş 12 hərbçi ilə bağlı dərhal Heydər Əliyev Fonduna tapşırıq vermişdir.  Artıq Fondun əməkdaşları həmin şəhidlərin ailə üzvləri ilə görüşlərə başlayıb və onları narahat edən problemlərin həlli istiqamətində bütün tədbirlər həyata keçirilir.  Mehriban xanım bununla bir daha nümayiş etdirdi ki, cənab Prezidentimizin ən yaxın silahdaşıdır və Azərbaycan xalqını narahat edən bütün məsələlərdə öz gücünü səfərbər edir.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan  Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Tovuz  rayonuna dəymiş ziyanın aradan qaldırılması və bərpa işləri ilə əlaqədar imzalanan məlum Sərəncam həm də Azərbaycan dövlətinin iqtisadi  gücü və qüdrətini göstərir. Bütün dünyanı pandemiya bəlası bürüdüyü, ölkələrin iqtisadiyyatı bundan ciddi zərər gördüyü halda, Azərbaycan hətta infrastruktur layihələrinin həyata keçirilməsinə imkan tapir. Bu amil də öz növbəsində bütün risklərə baxmayaraq Azərbaycan iqtisadiyyatının  inkişaf yolunda olduğunu  təsdiqləyir.  Bəli, Azərbaycan dövləti güclü dövlətdir, düşmənin vurduğu ziyanlara baxmayaraq ölkəmiz  ən qısa müddətdə güclü iqtisadiyyatı hesabına bu dağıntıları da bərpa edəcək, zərər çəkmiş evlərin, yaşayış məntəqələrinin tam bərpa edilməsi reallaşdırılacaqdır.  Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız  Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaqdır.

    Zaqatala   rayon   Fövqəladə
    Hallar  Komissiyasının  sədri

    Tofiq Əhmədov.

Keçidlər