Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqu ilə qarşılanmışdır.
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi işğalçı ölkənin təcavüzkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Lakin hərbi təcavüzünün qarşısını rəşadətlə alan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu, düşmənin sərhədboyu yerləşən çoxsaylı dayaq məntəqələrinin böyük hissəsi darmadağın olundu, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyatları, silah-sursat anbarları, çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edildi. Döyüş meydanında baş verənlər bir daha Azərbaycanın artan hərbi qüdrətini, silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyətinin mübarizliyini, nümayiş etdirdi.
Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdi, hər an dövlətinin, Ali Baş Komandanının yanında olduğunu nümayiş etdirdi. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi təsisatlar, hətta, əksər müxalifət partiyaları belə iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər.
43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasət qətiyyətlə dəstəklənərək siyasi partiyaların onun ətrafında sıx birləşməsi bəyan olunmuşdur. Bu birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını bildirdilər.
Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdır. Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəlmişdir. Orduya dəstək yürüşü xalqımızın milli həmrəyliyinin, Azərbaycan vətəndaşlarının möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin təcəssümü idi. Bu yürüş həm də bütövlükdə xalqımızın daşıdığı vətənpərvərlik hisslərini nümayiş etdirdi. Aksiya iştirakçılarının səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Orduya dəstək aksiyası zamanı yaradılmış şəraitdən sui-istifadə edən bir qrup ünsürün sərhəddə hərbi əməliyyatların davam etdiyi, işğalçıya adekvat cavab verildiyi zaman paytaxt Bakıda iğtişaş yaratmağa çalışması, hətta Azərbaycan Respublikasının Milli Məclisinin binasına daxil olaraq qanunazidd əməllər törətməsi, asayiş keşikçilərinə qarşı zorakılıq və müqavimət göstərilməsi qəbulolunmazdır. Bu hadisə antimilli ünsürlərin Azərbaycanı yenidən ötən əsrin 90-cı illərinin əvvəllərinə qaytarmaq niyyətlərindən qaynaqlanan çirkin əməl idi. Bu, həm də Vətənimiz, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin ruhuna sayğısızlıqdır.
Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Antimilli ünsürlər və onları dəstəkləyən ermənipərəst dairələr bu cür vasitələrlə Azərbaycanın inkişafına, öz milli maraqlarını qorumasına əngəl yarada bilməzlər. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir, öz Prezidentini dəstəkləyir, Milli Ordumuza güvənir. Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi isə sabitliyi, inkişafı təmin edən mühüm amil olmaqla yanaşı, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik yaradır. Xalqımız hakimiyyətə gəlmək üçün xalqın yarısını qırğına belə verməyə hazır olan, torpaqların itirilməsi bahasına belə çirkin niyyətlərinə çatmaq istəyən xainlərə inanmır və onlarə nifrət edir.
Azərbaycan öz yolu, aydın mövqeyi, qətiyyətli və müstəqil siyasəti olan güclü dövlətdir. Bu gün Azərbaycanda güclü milli həmrəylik mövcuddur və xalqımız Prezident İlham Əliyevi və onun yürütdüyü siyasi kursu yekdilliklə dəstəkləyir və Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır.
YAP Zaqatala Rayon
Təşkilatının sədr müavini:
Xanım İsayeva