Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu Ermənistanın bu arzusunu da puça çıxardı...

17 iyul 2020 | 16:00

İyulun 12-də erməni silahlı qüvvələri tərəfindən  Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verənlər  işğalcı və təcavüzkar Ermənistanın növbəti təxribatı,  qondarma  ölkənin  təcavüzkar mahiyyətinin növbəti əyani təcəssümüdür. Qandan doymayan işğalçı dövlət və onun cinayətkar hərbiçiləri  Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmiş və bu gözlənilməz zərbə nəticəsində bizim hərbiçilərimiz həlak olmuş, yaralanmışlar.  Lakin bu xaincəsinə hücumun qarşısı qətiyyətlə alınaraq düşmənə ağır zərbə endirildi, düşmənin çoxlu sayda hərbi texnikası və  canlı qüvvəsi məhv edilərək  sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi.  Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 15 iyul 2020-ci il tarixində Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dediyi kimi, “Son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmiz  oldu”.
Ermənistan hakimiyyəti çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək bu təxribatın səbəbkarı  kimi Beynəlxalq aləmdə Azərbaycanı göstərməyə cəhd etməkdədir. Lakin dəfələrlə Azərbaycan  bəyan etmişdir ki, bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur.
Hadisələrdən heç bir sutka keçməmiş Ali Baş Komandan, Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili iclası keçirildi. Dövlətimizin başçısı öz çıxışında bir daha Ermənistanın antiinsani, cinayətkar addımlarını pisləyərək Ermənistanın növbəti təxribatının qarşısının  qətiyyətlə alındığını, onlara adekvat cavab verilərək hərbiçilərimizin qisasının alındığını,  Ermənistan tərəfinin bütün cəhdlərinin  iflasa uğradığını və düşmənin   bir santimetr belə Azərbaycan torpağına keçə bilmədiyini, operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələrinin  həmin bölgəyə dəvət ediləcəyini  qeyd etdi. Ancaq buna baxmayaraq, Ermənistan tərəfindən yenidən çirkin addımlar atıldı, növbəti dəfə törədilmiş hərbi təxribat nəticəsində bir neçə hərbiçimiz, o cümlədən aprel döyüşlərində öz rəşadətini göstərmiş,  orduda çox böyük hörmətə malik olan,  cənab Prezident  tərəfindən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmiş general Polad Həşimov   həlak oldu. “Onların  həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır” deyən  Prezident  İlham  Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda  bu günlər ərzində torpaq uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Aprel döyüşlərində və  2018-ci ildə uğurlu Naxçıvan əməliyyatında olduğu kimi 12 iyul əməliyyatında da  Azərbaycan Ordusu bir daha öz üstünlüyünü,  Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi  göstərdi.
Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların  xəyanətkar fəaliyyətindən  istifadə edərək  torpaqlarımızı zəbt etmiş Ermənistan  indi bunu edə bilmir, çünki güclü və qüdrətli Azərbaycan buna imkan vermir, dövlət başçısı hücum diplomatiyasından çıxış edərək, Ermənistanın, onun bir-birindən fərqlənməyən cinayətkar hakimiyyətlərinin addımlarını, yalanlarını, faşist  siyasətlərini bir-bir ifşa edir. 
Tovuzda Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və  iqtisadi böhrandır. Onlar ölkədə gedən neqativ proseslər, iqtisadi problemlər,  siyasi  böhranın nəticəsi olaraq  bu təxribatı etdilər. Bu gün Ermənistanın borcu büdcəsindən çoxdur, milli iqtisadiyyat yox səviyyəsindədir.  Hazırda Ermənistanda mövcud olan mürəkkəb vəziyyətdə Paşinyanın öz ölkəsi üçün vəd etdiyi “çiçəklənmə” prosesi əksi ilə nəticələnir. Təcrübəsiz  və populist  baş  nazir  ölkədə  diktatura qurmuşdur. Ölkədə  Venesiya Komissiyasının tövsiyələri rədd edilir  və siyasi opponentlər təqib olunur.  Təcrübəsiz Paşinyan hakimiyyəti bu cür təxribatlarla diqqəti xarici düşmən mövzusuna yönəltməyə, öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəm xaricində tutmağa çalışaraq  yenə də həyasızcasına bu addımları atdı. Lakin Azərbaycan Ordusu Ermənistanın bu arzusunu da puça çıxardı.
Bu gün Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır. Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, xalqı narahat edən problemləri dərindən təhlil edir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ermənistanda  isə eksinə demokratik prinsiplər tamamilə pozulmuşdur. 
Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qeyd etdi ki, Xarici İşlər Nazirliyi  beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Bu, kifayət qədər ciddi bir məsələdir. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif  tədbirlərdə,  görüşlərdə dilə gətirilmisdir. Həqiqətən də bu formatda fəaliyyət göstərmək bütün hallarda Azərbaycanın milli maraqlarına uyğun deyil.
Erməni silahlı qüvvələri tərəfindən  Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verən  işğalcı təxribata  qardaş Türkiyə Cümhuriyyəti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan  münasibət bildirərək qədim dostluq ve qardaslıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, huququna və torpaqlarına yonələn hər cür hücumun qarşısında yer almaqda tərəddüd etmədiyini bəyan etdi. Pakistan və digər ölkələrin rəsmi nümayəndələri, eləcə də  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası də birmənalı mövqe bildirərək   Azərbaycanı dəstəklədikləri barədə  açıqlama verdilər.
Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu.  Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti millətimiz qətiyyətlə müdafiə edir. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki,sonra onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Lakin bu yolverilməz və qəbuledilməzdir.  Azərbaycan hüquqi dövlətdir,  burada qanunlara meydan oxumasına imkan verilməyib, imkan verilmir və bundan sonra da imkan verilməyəcəkdir.

 

Rayon   Statistika   idarəsinin   rəisi

Fəxrəddin  Qurbanov

Keçidlər