Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın dünyada nüfuzunun günü-gündən artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı ciddi şəkildə narahat edir.

14 iyul 2020 | 16:00

2020-ci ilin 12 iyul  tarixində Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətmiş,   lakin təxribatın qarşısı qətiyyətlə alınaraq  Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğramışdır. Beynəlxalq ictimaiyyətə müraciət edərək  Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edən  ikiüzlü və riyakar Ermənistan rəhbərliyi  hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəmiş, lakin  bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişdir.   İşğalçı ölkənin bu təxribat hücumu ilə nail olmaq istədiyi hədəflər Azərbaycan ordusu tərəfindən alt-üst edilmiş və hərbçilərimizin qisası alınmışdır.
Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhəddində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Bütün problemləri koronavirusla əlaqələndirməyə çalışan Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır.  Ölkədə işsizlik və yoxsulluq həddi dəfələrlə çoxalıb,  virusa yoluxma və ölüm faktlarına görə regionda lider olan Ermənistanın səhiyyəsi xəstəliyin qarşısında acizdir və sadə ermənilər ciddi əziyyət çəkir.
Sosial-iqtisadi problemlərlə yanaşı, Ermənistandakı siyasi vəziyyət də dəhşətlidir. Müxalifət partiyaları hökuməti istefaya çağırır, Ermənistan hakimiyyəti müxtəlif yollarla narazı səsləri boğmağa çalışsa da, etirazlar hər keçən gün artmaqdadır. Yaranmış problemlərdən çıxış yolu kimi isə Paşinyan hökuməti erməni ictimaiyyətinin diqqətini başqa istiqamətə yönəltməkdə görür.  Şuşada andiçmə mərasimi, Azərbaycan əleyhinə pafoslu bəyanatlar da bu məqsədə xidmət edir. İyulun 12-də erməni hərbi birləşmələrinin Ermənistan-Azərbaycan sərhəddində həyata keçirdiyi təxribat  da eyni ssenarinin tərkib hissəsidir.
  Digər tərəfdən də Azərbaycanın dünyada nüfuzunun günü-gündən artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı   qıcıqlandırır, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi işğalçı ölkəni  ciddi narahat edir. Çünki bu addımlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyinin dəstəklənməsini də gücləndirir. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanındır” bəyanatına Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycanındır və Nida” bəyanatı ilə cavab verən Prezident İlham Əliyev Ermənistanı işğalçılıq və faşizm siyasətini ifşa edən addımlar atdı. Aşqabadda Nikol Paşinyanın da iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, eləcə də Münhen Təhlükəsizlik Konfransında Azərbaycan lideri Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməklə işğalçı ölkənin nüfuzunu alt-üst etdi.
Beləliklə Ermənistan Azərbaycanın beynəlxalq aləmdə güclənən nüfuzuna zərər vurmaq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real danışıqların qarşısını almaq, Ermənistan daxilində narazı səsləri boğmaq və Sərhəddimizə müdaxilə” var iddiası ilə KTMT-nin dəstəyini qazanmaq və təşkilatın Azərbaycana qarşı çıxmasını təmin etmək məqsədi ilə  növbəti təxribat xarakterli Tovuz hücumunu həyata keçirdi.  Bu addım Ermənistanın BMT Baş Katibinin pandemiyaya görə münaqişələri dayandırmaq çağırışına guya dəstək verməsi barədə mövqeyinin də əsassız olduğunu bir daha göstərdi.
Məlum məsələdir ki, düşmən tərəfindən atəşkəs rejimi hər gün pozulur. Əsas funksiyası məhz təmas xəttində atəşkəs rejiminin pozulması hallarının monitorinqinin aparılması olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi  Ermənistan tərəfindən atəşkəsin  hər gün pozulduğuna göz yumsa da bu həqiqəti heç kim dana bilməz. Hesab edirəm BMT-nin Təhlükəsizlik Şurası pandemiya ilə mübarizə dönəmində bölgədə sabitliyin pozulmasına yol açan bu təxribatı  görməzdən gəlməyəcək,  koronavirus pandemiyası ilə bağlı dünyadakı bir çox hərbi münaqişələrin  dondurulduğu  bir zamanda Ermənistanın savaş təxribatı olduqca pis nümunə kimi qəbul ediləcəkdir.
Təəssüf ki, Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti aldatmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında  məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurur,  fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər  əldə etməsi barədə iddiaları yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar.
Azərbaycanda isə tam fərqli mənzərə hakimdir. Hadisənin təfərrüatı, itkilər ictimaiyyətə açıqlanıb. Şəhidlər böyük hörmətlə dəfn edilib. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir.
İyunun 12-də dövlət sərhədinin Tovuz istiqamətində baş verənlər ictimaiyyət  tərəfindən də hiddətlə qarşılanmış,  sosial şəbəkələrdə sıravi vətəndaşların  silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışları səslənmişdir. Bu, ilk baxışda olduqca gözəl və vətənpərvər  mənzərədir. Lakin biz belə həssas məqamlarda yalnış adımlar atmamalı, cəmiyyət olaraq ordumuzun arxasında dayanmalıyıq. Sabah bizim böyük qələbələrimiz olacaq. Çünki Azərbaycan ordusu öz qarşısında olan bütün qüvvələrə qarşı yenilməzdir. Bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi-psixoloji baxımdan Ermənistandan kifayət qədər üstün mövqedədir. Azərbaycan öz imkanlarını səfərbər edərək cəbhə bölgəsindəki qısamüddətli atışmaları iri hərbi əməliyyatlara çevirib öz torpaqlarını işğaldan tam xilas etmək əzmindədir. Lakin Azərbaycan beynəlxalq missiyanın nəzarətində olan sülh prosesinə sadiq qalaraq onu pozmağa maraqlı deyil. Bununla belə Ermənistana və dünya ictimaiyyətinə yaxşı məlumdur ki, zəbt olunmuş ərazilərinin azad edilməsi üçün Azərbaycan beynəlxalq hüquq çərçivəsində hər an hərbi əməliyyatlara başlamaq və ərazilərini az vaxtda düşməndən tam təmizləmək iqtidarındadır.


YAP Zaqatala Rayon Təşkilatının
Qadınlar Şurasının sədri                                               Vəfa  Süleymanova

Keçidlər