Ölkə başçısının beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur .
Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin dünyada böyük etimad qazanaraq nüfuzlu dövlətə çevrilməsini təmin etmişdir. Məhz ulu öndərin hakimiyyəti dövründə Azərbaycan dövlətinin beynəlxalq arenada müsbət imici formalaşmış, ölkəmiz regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında, əməkdaşlığın möhkəmlənməsində fəal rol oynamışdır. Ulu öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir, aparılan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı olaraq artmasını təmin edir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur və ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətində olan tərəfdaşların sayı artır. Bu gün tolerantlıq nümunəsi olan ölkəmizdə irəli sürülən mütərəqqi ideyalar və təşəbbüslər ümumbəşəri əhəmiyyətə malik olmaqla dünyada xalqlararası əməkdaşlığın güclənməsinə xidmət edir. Bütün bunlar isə, beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ümumilikdə, Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun və yüksək nüfuzunun bariz nümunələrini təşkil edir.
Dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı olduğu bir dövrdə ölkə prezidenti cənab İlham Əliyev liderlik nümayiş etdirərək pandemiyaya qarşı mübarizədə bəşəriyyət üçün çox önəmli ideyalarla çıxış edir. Müasir dünyanın təşvişinə səbəb olan və qlobal səciyyə daşıyaraq bütün bəşəriyyəti təhdid altına almış COVİD -19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Pandemiya ilə mübarizədə yalnız birgə səyin nəticə verəcəyini bəyan etmiş Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. Eyni zamanda Prezident İlham Əliyev dövlətlərin pandemiya ilə mübarizədə birgə səy göstərməsinə dair təşəbbüsün müəlliflərindən biri və birincisidir.
İlk addım olaraq Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (TDƏŞ) dövlət və hökumət başçılarının dünyada və adıçəkilən təşkilata daxil olan dövlətlərdə yaşanan koronavirus pandemiyası və onun qarşısının birlikdə alınması, bu yöndə birgə addımların atılması, xilas yollarının axtarılıb tapılması ilə bağlı fövqəladə zirvə görüşünə nail olan və həmin tədbiri uğurla başa çatdıran dövlət başçımız daha bir mötəbər təşkilatın – Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etmiş, mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik!” mövzusunda Zirvə görüşü baş tutmuşdur. Bununla da dövlət başçımız tarixi hadisənin yaşanmasına növbəti dəfə imza atmışdır.
Zirvə görüşünə qatılan BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlərində, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və iştirakçı dövlətlərin başçıları çıxışlarında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün təşkilinə və pandemiyaya qarşı aparılan işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirmişlər.
Azərbaycanın təşəbbüsü ilə regional və qlobal miqyasda koronavirusa qarşı keçirilən mötəbər tədbirlər onu göstərir ki, bizim ölkə öz beynəlxalq vəzifələrinə olduqca məsul yanaşır. Azərbaycan dövləti, onun lideri ən çətin situasiyalarda belə düşünülmüş, gələcəyə və nikbinliyə, optimizmə yönəlmiş addımların atılmasına, qərarların verilməsinə hazır və qadirdir. Ölkə prezidenti beynəlxalq aləmdə böyük uğurlara imza atır, qlobal təhlükə olan koronavirus pandemiyasına qarşı mübarizədə atdığı addımlarla ölkələr arasında həmrəyliyi və əməkdaşlığı daha da möhkəmləndirir.
Hər hansı hərbi-siyasi bloka qoşulmayan və müstəqil təhlükəsizlik siyasəti yürüdən ölkəmiz Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olan, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayan Qoşulmama Hərəkatına üzv olduğu ilk gündən etibarən hərəkatın işində fəal iştirak edərək beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etməklə böyük nüfuz qazanmışdır.
Zirvə görüşündə ölkə Prezidenti növbəti dəfə çox dolğun, məzmunlu, əhatəli və proqram xarakterli nitq söyləyərək, dünyaya birlik və bərabərlik mesajlarını verdi, kömək, yardım əlini uzatdı. Bu mesajlarla Azərbaycanın, dövlət başçımızın qətiyyəti, qüdrəti hər kəs üçün bir daha aşkar oldu. Prezident İlham Əliyev çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü və Qoşulmama Hərəkatı ölkələri adından Baş katib Antonio Quterreşə müraciət ünvanladı. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.
COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Bu gün dünyada ən böyük və ən nüfuzlu beynəlxalq təşkilat BMT-dir. Azərbaycan BMT-də uğurla təmsil olunur və ölkəmizin təşkilat daxilindəki ikitərəfli, çoxtərəfli münasibətləri dinamik inkişaf tendensiyasına malikdir. Azərbaycanın BMT-də uğurlu ikitərəfli və çoxtərəfli münasibətlər formalaşdırmasının məntiqi nəticəsidir ki, ölkəmiz 2011-ci il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil edən yeni qeyri-daimi üzvü seçilmiş, bu dövrdə BMT Təhlükəsizlik Şurasında dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilərək və səmərəli müzakirələr qeydə alınmışdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirmişdir.
Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımıdır. Prezident İlham Əliyevin sözügedən təşəbbüsü irəli sürməkdə məqsədi də, məhz, dünya dövlətlərini və BMT-ni bu nadir fürsətdən faydalanmağa, hamıya eyni dərəcədə təhlükə olan ümumi bəlaya qarşı səyləri birləşdirməyə səsləməkdən ibarətdir. COVID-19 kimi amansız virusa qarşı mübarizədə Azərbaycan Prezidentinin təşəbbüsü ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsi sayılmalı, Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusunun getdikcə yüksəlməsi ayrıca qeyd edilməlidir. Heç şübhəsiz, onun beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur. Prezident İlham Əliyev bir çox mötəbər beynəlxalq tədbirlərin arzuolunan və xüsusi hörmətli iştirakçısı sayılmaqdadır. Azərbaycanın beynəlxalq həmrəylik sahəsində hər bir təşəbbüsü, o cümlədən ümumdünya miqyasında fəlakətə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüsü ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, tolerant, demokratik, özünü dünya birliyinin bir hissəsi kimi dərk edən dövlət olmasından xəbər verir.
Pandemiya dövründə Azərbaycan bir daha beynəlxalq həmrəyliyə və əməkdaşlığa sədaqətin bariz nümunələrini göstərərək Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmağımız, 30-dan çox ölkəyə humanitar yardım göndərməyimiz bu fikirlərin əyani təsdiqidir. Ölkəmiz bir daha sübut etdi ki, dünya birliyi üçün əhəmiyyət kəsb edən heç nə ona yad deyil. Sülh, əmin-amanlıq, təhlükəsizlik, separatizmə və terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə dərindən sədaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin fundamental prinsipləridir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizə, onun liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir. Bu, bir daha dövlətimizin başçısının qlobal əməkdaşlığa verdiyi töhfənin dünya dövlətləri tərəfindən qiymətləndirilməsini sübut edir.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan oldu. Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bu gün bütün dünya diktaturanın hökm sürdüyü, korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlığın kütləvi xarakter alıdığı Ermənistanın əsl irticaçı mahiyyətinin bir daha şahidi oldu.
Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir. Əminik ki, İlham Əliyev Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək və bu sessiya dünyanı bürüyən pandemiyaya qarşı qlobal cavabın və COVİD-19 bəlasından çıxış yollarının tapılmasına öz müsbət töhfəsini verəcəkdir.
YAP Zaqatala rayon təşkilatının fəal üzvü Tahir Məmmədov