Zaqatalada aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılır
Zaqatala rayonunun Yuxarı Tala kənd sakini, III qrup əlil Zenfira Teymurxanovanın mənzil şəraitini yaxşılaşdırmaq üçün həyətində yeni fərdi ev tikilib. Rayon icra hakimiyyətinin maliyyə vəsaiti hesabına inşa edilən birotaqlı, eyvanlı evin ümumi sahəsi 35 kvadratmetrdir. Ev tam təmir olunub.
Maddi imkanları zəif olan ikinəfərlik ailənin yaşadığı əvvəlki fərdi ev son vaxtlar qəzalı vəziyyətə düşmüş, divarlarında çatlar əmələ gəlmişdi.
Bundan əlavə, Əliabad qəsəbə sakini Bəhruz Cavadova məxsus fərdi evdə də rayon icra hakimiyyətinin vəsaiti hesabına təmir işləri aparılıb. 1980-ci ildə tikilən, indiyədək təmir olunmayan, fiziki köhnəlmə nəticəsində yararsız vəziyyətə düşən fərdi evin 160 kvadratmetrlik dam örtüyünün ağac konstruksiyası və örtük materialı yenisi ilə əvəz edilərək əsaslı təmir olunub. Maddi imkanları zəif olan bu ailədə xəstə, azyaşlı uşaq böyüyür.