Zaqatalalılar 2013-cü ilin birinci yarısını uğurlu göstəricilərlə başa vurmuşlar
25 iyul 2013-cü il tarixdə Zaqatala rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirlən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarımilliyində sosil-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayon ictimaiyyətinin geniş yığıncağı keçirilmişdir.
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində 2013-cü ilin birinci yarısında Zaqatala rayonunda 92,1 milyon manatlıq məhsul istehsal edildiyini və xidmətlər göstərildiyini qeyd etmiş, bu göstərici isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,7 faiz çoxdur. Əvvəlki illə müqayisədə sənayedə məhsul buraxılışı 19,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 13,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 5,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,7 faiz, tikinti işlərinin həcmi isə 4 dəfə artmışdır. Hesabat dövründə rayonda 432-i daimi olmaqla, 492 yeni iş yeri açılmışdır. Bu faktlar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və ilin birinci yarısında rayonda görülmüş işlərlə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında hesabat məruzəsində səsləndirilmişdir.
Bildirilmişdir ki, zaqatalalılar üçün böyük sınaq ili olan 2012-ci ildə zəlzələ baş verən andan dərhal sonra, mayın 9-da, eləcə də sentyabrda Prezident İlham Əliyevin rayona səfərləri, təbii fəlakətdən zərər çəkmiş insanlara dayaq olması, zəlzələnin fəsadlarının aradan qaldırılmasına yönəldilmiş tapşırıq və göstərişləri insanların yaddaşından heç zaman silinməyəcəkdir.
Diqqətə çatdırılmışdır ki, indiyədək rayonda qəzalı vəziyyətə düşmüş məktəblər üçün 13 yeni bina, 1 uşaq bağçası, habelə 3358 fərdi ev tikilərək istifadəyə verilmişdir. Hazırda 9 məktəb binasının və 3628 fərdi evin tikintisi davam etdirilir. Qeyd olunmuşdur ki, cari ilin ötən dövrü ərzində rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon manat artaraq 45,2 milyon manat, o cümlədən tikinti-quraşdırma işləri 35,1 milyon manat təşkil etmişdir. Zaqatala şəhərinin tarixi mərkəzinin bərpası, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, müxtəlif dövlət qurumları üçün yeni inzibati binaların tikintisi davam etdirilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 100 yerlik uşaq bağçasının və Bəhmətli kənd tam orta məktəbinin 600 şagird yerlik yeni binasının tikintisi başa çatdırılmışdır. Aqrar sahədə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 milyon manat artaraq 29,4 milyon manat olmuşdur. Əvvəlki illə müqayisədə diri çəkidə ət istehsalı 302 ton artaraq 3 min 959 tona, süd istehsalı 1 min 546 ton artaraq 17 min 923 tona, yumurta istehsalı isə 1 milyon 357 min ədəd artaraq 8 milyon 529 min ədədə çatmışdır.
Şura iclasında həmçinin, birinci yarımillikdə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.
Yığıncağın sonunda rayon ictimaiyyəti adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinə müraciət qəbul edilmişdir.