Zaqatala Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir
15 iyul 2013-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən inşasına ötən ilin aprelində başlanılmış dördmərtəbəli inzibati binanın ümumi sahəsi 2450, müvəqqəti saxlama yeri və digər yardımçı tikililərlə bərabər isə 3200 kvadratmetrdir. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilmiş, növbətçi hissə, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilmiş, həyətdə su hovuzu tikilmişdir. Yeni tikilidə 47 xidməti otaq, 100 yerlik akt zalı vardır. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılmışdır. Ərazi hasarlanmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir.
Mərasim iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, müvəqqəti saxlama yerinə baxmış, binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olmuşlar.
Çıxış edənlər görülən işləri yüksək qiymətləndirmiş, Zaqatala Rayon Polis Şöbəsinin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyev daxili işlər orqanlarının lazımi texniki vasitələr və avadanlıqla təchizatına, şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına xüsusi diqqət yetirir. Polis şöbəsinin yeni binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə iştirak etmişlər.