Zaqatalada pandemiya əleyhinə tədbirlər davam etdirilir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Zaqatala şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.
İyunun 14-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, park və meydanlarda, satış mərkəzlərində, bankomatların yerləşdiyi ərazilərdə təmizlik və dezinfeksiya işləri aparılıb.
Eyni zamanda, əhali arasında karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı təbliğat xarakterli söhbətlər aparılıb, onlara tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması, sanitar-gigiyena qaydalarına riayət edilməsi tövsiyə edilib. Rayon icra hakimiyyəti yanında operativ qərargahın üzvləri və polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar paylanılıb.