Dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir.
Dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir. Bəşəriyyətin inkişafına öz layiqli töhfəsini verən, böyük və zəngin tarixə malik olan xalqımız ötən əsrin son onilliyində öz müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan keçmiş ittifaq məkanında gedən məlum proseslər nəticəsində 1991-ci ildə müstəqillik qazanmağa müvəffəq olsa da müstəqilliyimizin ilk illərində ölkədə yaranmış vəziyyət, müstəqillikdən çox anarxiyanı xatırladırdı. Hakimiyyət rəhbərləri xalqın həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək, fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıdırdı. Hakimiyyət uğrunda gedən çəkişmələr nəticəsində torpaqlarımızın böyük bir hissəsi, demək olar ki, ermənilərə müharibəsiz təhvil verildi. Bir milyondan artıq soydaşlarımız öz doğma yurdlarından didərgin düşdü. Nəticədə, yenicə əldə edilmiş dövlət müstəqilliyimiz və ökəmizin ərazi bütövlüyü böyük təhlükə ilə üzləşdi.
Xalq üçün ən qiymətli nemət olan dövlət müstəqilliyinin qorunmasına şəxsi mənfəət prizmasından baxan AXC-Müsavat cütlüyünün hakimiyyəti ələ keçirmiş vəzifəli şəxsləri iqtisadi, siyasi, həm də sosial-mədəni sahələrdə respublikanı tənəzzülə uğratmışdılar, ölkədəki vəziyyətə nəzarət edə bilməyən səlahiyyətli şəxslərin fəaliyyətsizliyi ucbatından kriminogen durum günü-gündən pisləşir, cinayətkarlıq baş alıb gedirdi, xalqın iqtisadi vəziyyəti getdikcə ağırlaşırdı. İdarəçilik qurumları arasında qarşılıqlı əlaqə qeyri-normal vəziyyətdə idi, vəzifədə olanlar özləri üçün silahlı dəstələr saxlayırdılar; istehsal dayanmış, ölkəni iqtisadi böhran bürümüşdü. Siyasi qurumlar arasında hakimiyyət uğrunda gərgin mübarizə gedir, müstəqilliyimiz süquta sürüklənirdi.
İctimai-siyasi proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdiyi özbaşınalıqların həddi-hüdudu yox idi. Dövlət müstəqilliyi şəxsi ambisiyalara qurban verilir, dövlət, millət və xalq faktiki olaraq parçalanır, vətəndaş müharibəsi reallığa çevrilirdi. Ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edir, cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırır, şimalda isə Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı. Xaricdən erməni işğalçıları və onları dəstəkləyən qüvvələr, daxildən isə idarəçilik təcrübəsi olmayan, tabelikdə olanlarla davranmağı bacarmayan səriştəsiz AXC rəhbərlərinin ölkədə yaranmasına səbəb olduqları qarşıdurma, anarxiya Azərbaycan Respublikasının bir dövlət kimi xəritədən silinməsini şərtləndirirdi.
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə də qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir və 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.
Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünü tıxayırdı.
AXC rəhbərliyinin məsuliyyətsiz və Azərbaycanın siyasi reallıqlarını diqqətə almayan bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmiş, bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.
Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevdə gördü. Xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələri xalqın dəstəyi ilə zərərsizləşdirdi. Azərbaycanda vətəndaş müharibəsi alovlarını söndürdü, baş qaldırmaqda olan separatçılıq meyillərinin kökünü kəsdi və dövləti keçmiş zamanlarda olduğu kimi, xanlıqlara parçalanmaq təhlükəsindən xilas etdi. Ümummilli lider Heydər Əliyev ümumxalq dəstəyinə arxalanaraq, özünün yenilməz siyasi iradəsi, rəhbər qətiyyəti və zəngin idarəetmə təcrübəsi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi sayəsində millət və dövlət dəhşətli bəladan qurtuldu, nizami ordu quruculuğuna başlandı, Ermənistanın Azərbaycana qarşı hərbi ekspansiyası dayandırıldı və 1994-cü ildə atəşkəsin əldə edilməsinə nail olundu.
Heydər Əliyev İqtisadiyyatın bazar münasibətləri prinsipləri əsasında inkişafını təmin etmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsinə və MDB-də misli-bərabəri olmayan radikal aqrar islahatlara başladı, Azərbaycan Respublikasının yeni konstitusiya layihəsinin hazırlanmasına və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinə nail oldu, bazar infrastrukturlarının formalaşması və azad sahibkarlığın hərtərəfli inkişafı üçün müvafiq qanunvericilik bazası yaratdı, dövlət idarəetmə sistemində geniş islahatlar həyata keçirdi.
Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Qısa müddət ərzində bir çox ölkələrlə və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Eyni zamanda 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı.
Bütün bunların da nəticəsində ulu öndər Heydər Əliyev tarix üçün çox qısa olan zaman kəsiyində özünün şah əsərini - demokratik dünya dəyərlərinə tam uyğun olan Yeni Azərbaycanı qurmağa müvəffəq oldu.
Bəli, ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu gün də Azərbaycan belə bir möhkəm zəmin əsasında Azərbaycan xalqının müdriklik, mərdlik və cəsarət simvolu, Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamla irəliləyir. Azərbaycan xalqı əmindir ki, Azərbaycanda sabitliyi qoruyub-saxlayan və onu daha da dayanıqlı edən, insanların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə nail olan, əhalinin rifah halını durmadan yaxşılaşdıran və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gündən-günə yüksəldən möhtərəm Prezidentimiz cənab İlham Əliyev insanların arzularının ən layiqli reallaşdırıcısıdır.
Zaqatala rayon Ağbirçəklər şurasının sədri: Sona Qazıyeva