Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazanmış, 1993-cü ilin ikinci yarısından sonra bu istiqamətdə qətiyyətli addımlar atılmışdır. Həmin vaxtdan başlayaraq ölkədə hüquqi dövlət quruculuğu həyata keçirilir, totalitar rejimdən demokratik inkişafa transformasiya siyasəti aparılır. Bu gün Azərbaycan beynəlxalq miqyasda ən nüfuzlu ölkələrdən biridir. Ötən illər ərzində bütün sahələrdə böyük uğurlar əldə etmiş, siyasi, sosial-iqtisadi, humanitar sahələrdə ciddi nailiyyətlər qazanmış, ölkəmizdə demokratik cəmiyyət bərqərar edilmişdir.
Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Təbii ki, qısa müstəqillik tarixinə malik bir respublikanın dünya birliyində inkişaf etmiş ölkələrin diqqət mərkəzində olması, ölkəmizin inkişafı və artan nüfuzu müəyyən dairələri ciddi şəkildə narahat edir. Odur ki, həmin dairələr Azərbaycanın artan nüfuzuna xələl gətirmək üçün ikili standartlardan əl çəkmir, Ermənistanın beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə və işğal siyasətini davam etdirməsinə, işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni seçkilər keçirməsinə göz yumur, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradırlar. Belə təşkilatlardan biri Avropa Şurası və onun Parlament Asambleyasıdır.
Ölkəmizə qarşı nifrət aşılayan bu qurumun azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi cənab Prezidentin diqqətindən yayınmamış, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı ölkə başçısı bu təşkilatın əsl üzünü çox dəqiq izah etmişdir. Ermənistan hakimiyyəti tərəfindən qondarma Dağlıq Qarabağ xunta rejimində keçirilən saxta prezident və parlament seçkilərini “məzhəkə oyunu” kimi dəyərləndirən cənab Prezident seçkilərin və onun nəticələrinin mötəbər beynəlxalq qurumlar tərəfindən tanınmadığını, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının və digər aparıcı beynəlxalq təşkilatların seçkiləri qınadığını vurğulayaraq bu məsələyə yalnızca Avropa Şurasının münasibət bildirməməsinə diqqəti çəkdi.
Avropa Şurası Azərbaycana qarşı münasibətdə hər zaman ikili standartlardan çıxış etmiş, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarını görməzdən gəlmiş, ancaq zaman-zaman ölkəmizdə qanun çərçivəsində atılan bir sıra addımları insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışmışdır. Ermənipərəst qüvvələrin fəal olduğu Avropa şurasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, haqqında saxta məruzələr qəbul etdirmək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın tərəfini dəstəkləməkdir. Bu gün dünyada baş verən məlum ədalətsizliyə, dinc nümayişçilərə qarşı tətbiq edilən zorakılıq və işgəncələrə, qeyri-qanuni həbslərə, ABŞ-da və bir sıra Avropa ölkələrində səngimək bilməyən kütləvi iğtişaşlara heç bir münasibət bildirməyən Avropa Şurası nədənsə ölkəmizə qarşı demokratiya dərsi keçməyə cəhd göstərir. 30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayan işğalçı Ermənistanı Avropa Şurası bir dəfə olsun öz adı ilə çağırmamış, soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasında Ermənistanı günahlandıran bir dənə də olsun qətnamə qəbul etməmiş, işğal etdikləri əraziləri tərk etmələri barədə tələb irəli sürməmişdir. Cari ilin 9 fevral tarixində Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı AŞPA-nın qərəzli və ədalətsiz münasibəti, seçi prosesini, atılan addımları və tərəqqini kənara qoyaraq Azərbaycana qarşı iftiralar atması sırf qərəzdən xəbər verir. Əgər AŞPA azərbaycanlıların taleyinə biganə deyilsə, niyə indiyədək Ermənistan tərəfdən girovluqda, işgəncə altında saxlanılan azərbaycanlılar-Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmədi. Bütün bəşəriyyətin həyati təhlükə ilə sınağa çəkildiyi bir dövrdə karonavirus pandemiyasının geniş yayıldığı bir zamanda Dağlıq Qarabağ xunta rejimində saxta prezident və parlament seçkilərinin keçirilməsinə belə Qərb dövlətləri və Avropa Şurası səs çıxarmadı. Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi sənədləri “kağız parçası” adlandıran ölkə başçısı haqlı olaraq bu qurumun anti-Azərbaycan mövqedə olduğunu qeyd etmişdir.
Ölkəmizdə isə karonavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan vətəndaşın sağlamlığını və sosial təminatını üstün tutan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilmiş, Azərbaycanın beynəlxalıq aləmdə nüfuzunu daha da artırmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə ilk dəfə videokonfrans formatında Türk Şurasının, 120-dən artıq dövləti öz sıralarında birləşdirən və BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının Təmas qrupunun Zirvə görüşlərinin keçirilməsi, Qoşulmama Hərəkatının Təmas qrupunun Zirvə görüşündə BMT-nin Baş Katibinin müraciətinin səslənməsi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Avropa İttifaqı və Afrika İttifaqının ali nümayəndələrinin iştirakı Prezident İlham Əliyevin nüfuzunun, Azərbaycana münasibətin göstəricisidir.
Azərbaycan bu gün insan haqlarının çox yüksək səviyyədə qorunduğu, söz və mətbuat azadlığının inkişaf etdiyi demokratik inkişaf xətti tutan bir dövlətdir. Özünəməxsus inkişaf yolu və strategiyası olan müstəqil Azərbaycan Respublikası dünyada artıq “ortamiqyaslı” ölkə kimi tanınır, uğurlu regional enerji və infrastruktur layihələri ilə seçilir. Ölkə Prezidenti cənab ilham Əliyevin rəhbərliyi ilə milli maraqlara söykənən xarici siyasət ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini möhkəmləndirir və müstəqil siyasət həyata keçirən Azərbaycan hər hansı təzyiqdən çəkinmir.
Zaqatala qəzetinin redaktoru: İbrahim İbrahimov