Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Zaqataladan olan fəalları rayon sakinlərinin Prezident İlham Əliyevə böyük inam və etimadından söz açmışlar

14 iyul 2013 | 15:00

13 iyul 2013-cü il tarixdə Zaqatala şəhərində Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın rayon təşkilatının fəalları ilə görüşmüşdür. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, Ulu Öndərin burada ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Tədbiri YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açaraq təşkilatın qarşıdakı prezident seçkilərinə hazırlıqla əlaqədar gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, YAP-ın mütəşəkkil dəstələrindən biri olan Zaqatala rayon təşkilatı daim inkişaf edən, möhkəmlənən, ictimai-siyasi proseslərin fəal iştirakçısı olan bir təşkilatdır. Hazırda 70 ərazi təşkilatını özündə birləşdirən rayon təşkilatının 7200 üzvündən 4 minini qadınlar, 3 mindən çoxunu isə gənclər təşkil edir. Son illər rayonda aparılan tikinti-quruculuq işləri, xüsusilə ötən ilin mayında baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır, onların dövlətə və Prezidentə olan inamını artırır, partiyanın nüfuzunu yüksəldir.
Təşkilat sədri qeyd etmişdir ki, 2003 və 2008-ci illərdəki seçkilərdə olduğu kimi, builki prezident seçkilərində də bütün zaqatalalılar güclü liderə səs verəcək, özlərinin gələcək talelərini yenidən Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə etibar edəcəklər. YAP sədrinin müavini-icra katibi Əli Əhmədov görüşdə çıxış edərək Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin ölkəmizin gələcəyini Prezident İlham Əliyevlə gördüklərini bildirmişdir. Ölkə seçiciləri hesab edirlər ki, növbəti 5 ildə də Azərbaycanın inkişafının təmin edilməsi, daha yüksək səviyyəyə qaldırılması, insanların rifahının daha yaxşılaşdırılması bilavasitə İlham Əliyevin fəaliyyəti, qətiyyəti, iradəsi ilə mümkündür. Son illərin inkişaf təcrübəsi insanları qəti şəkildə inandırmışdır ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan növbəti 5 ildə daha yüksək inkişafa nail ola biləcəkdir. Bu inkişaf hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan ailəsinin maraqlarına uyğundur. Azərbaycanın demokratik bir ölkə olduğunu, prezident seçkiləri kampaniyasında müxtəlif insanların, müxtəlif qrupların iştirak etdiyini diqqətə çatdıran YAP sədrinin müavini Əli Əhmədov vurğulamışdır ki, ölkədə yaradılmış demokratik mühitdən istifadə edən bəzi siyasi qruplar, qruplaşmalar və müxalifətçilər öz seçki kampaniyalarını adətən yalan, böhtan və qarayaxma üzərində qurur, Azərbaycan reallıqlarını təhrif edirlər. Ötən 20 ildə xalqdan, seçicilərdən heç bir dəstək ala bilməyən bu qüvvələr indi də o yan-bu yana baxaraq Rüstəm İbrahimbəyovun timsalında özlərinə “vahid namizəd” tapmışlar. Bu məsələyə münasibət bildirən Ə.Əhmədov demişdir: Təbii ki, o, azərbaycanlı olaraq bu seçkilərdə iştirak etmək hüququna malikdir. Lakin məsələ ondadır ki, bu şəxs uzun müddətdir Azərbaycanda yaşamır, ölkəmizi, demək olar, tanımır, Azərbaycan reallıqlarından tam xəbərsizdir. Digər tərəfdən o, Azərbaycan vətəndaşları, Azərbaycan seçiciləri ilə təmas qurmaqda da çətinlik çəkir, təbliğat kampaniyasını xarici ölkələrdə aparır.
YAP-ın icra katibi bildirmişdir ki, təmsil olunduğu partiya növbəti prezident seçkilərinə böyük ümidlərlə, böyük inamla, qətiyyətlə gedir və seçkilərdə çox ciddi qələbənin qazanılacağına etibarlı əsaslar vardır. Seçki kampaniyasının yüksək səviyyədə keçirilməsində YAP üzvlərinin də üzərinə şərəfli, eyni zamanda məsuliyyətli vəzifələr düşür. Bu vəzifənin mahiyyəti ondan ibarətdir ki, gərək hər bir partiya üzvü seçkilərin demokratik dəyərlər və normalar əsasında keçirilməsinə öz töhfəsini vermiş olsun.

Keçidlər