Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Dövlət Sort Sınaq Məntəqəsində yeni tütün sortunun sınağı aparılır

19 may 2020 | 16:00

Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramına uyğun olaraq son illər tütün bitkisinə aid əkin sahələri genişləndirilir. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi üçün fermerlərin yüksək məhsuldar və keyfiyyətli tütün sortları ilə təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Son illər yerli sortlarla müqayisədə xaricdən idxal olunan tütün sortları respublikanın müxtəlif bölgələrində daha geniş sahələrdə becərilir. Xaricdən idxal olunan tütün sortlarının yerli şəraitə uyğunluluğunu, xəstəliklərə davamlılığını və məhsuldarlığını müəyyən etmək üçün Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Qax Regional Mərkəzinin Zaqatala Dövlət Sort Sınaq Məntəqəsində sort-sınaq işlərinə başlanılıb. Məntəqədə 5 ABŞ, 4 Fransa, 3 Macarıstan və 2 ədəd Braziliya mənşəli sortun şitilləri sort-sınaq məqsədi ilə, həmçinin müqayisə üçün standart olaraq yerli “Zaqatala iriyarpaqlısı” sortu eyni sxem üzrə əkilib. Xarici tütün sortlarına aid əkin materialları Zaqatala rayonunda “Azər Tütün” MMC-yə məxsus istixanadan təhvil alınıb.

Sınaq müddətində metodikaya uyğun olaraq hər sort üzrə fenoloji müşahidələr, struktur ölçmələr və keyfiyyət analizləri aparılacadır.

Aparılan sort-sınaq işlərinin nəticələrinə əsasən fərqlənən tütün sortlarının növbəti ildə “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınması nəzərdə tutulur.

Keçidlər