Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün könüllülər, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirir

19 may 2020 | 16:00

Hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır. Bu gün ölkəmizdə aparılan gənclər siyasəti gənclərin yeni inkişaf modeli kimi təqdim edilən könüllülük hərəkatının da geniş vüsət almasına şərait yaratmışdır. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, ölkəmizdə könüllülüyün yeni, daha məhsuldar mərhələyə qədəm qoyduğunun təsdiqi oldu. Vaxtında atılmış zəruri addımlar, eyni zamanda normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması nəticəsində ölkəmizdə güclü bir könüllülük hərəkatı formalaşdı.
2020-ci ilin “Könüllülər ili” elan edilməsi dünyanı ağuşuna alan qlobal pandemiya böhranı ilə eyni dövrə təsadüf etdi. Bütün sahələrdə fəal mövqedən çıxış edən Azərbaycan gəncləri koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə mübarizədə də həmişə olduğu kimi ön cərgələrdə yer aldılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirus pandemiyası ilə bağlı çağırışlarına ilk qoşulanların sırasında gənclərimiz çoxluq təşkil etdi. Dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərdə gənclər fəallıqları ilə seçildilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına  töhfə vermək, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək olmaq məqsədilə könüllü hərəkat və təşkilatlar tərəfindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi yaradıldı. 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində ölkənin 18 aparıcı könüllü   təşkilat və hərəkatının iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası  Gənclər Fondu tərəfindən həyata keçirilir.
Aksiyalar çərçivəsində müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiya və fləşmoblar təşkil edirlər. Pandemiya ilə əlaqədar həssas qruplara yönələn dəstək tədbirlərində, aksiyalarda  əsl dost örnəyi göstərərək tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edirlər. 
“Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Böyüklərə hörmət və diqqət, onların qayğıları ilə yaşamaq, lazım olan dəstəyi göstərmək milli-mənəvi dəyərlərimizin əsas tərkib hissələridir. Bu gün könüllülərin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir.
Bir başqa aksiya olan “Könüllü Qonşu” təşəbbüsü çərçivəsində könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. Koronavirus (COVİD-19) qlobal pandemiyası ölkədə qeydiyyatda olan və gündəlik qana ehtiyacları olan talassemiyalı xəstələr, xüsusən də uşaqlar üçün böyük həyat riskinə səbəb olduğundan Heydər Əliyev Fondunun təşəbbüsü ilə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə qanvermə aksiyası ölkəboyu geniş vüsət aldı. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi də “Könüllü Donor” aksiyasına start verərək  bütün vətəndaşları bu təşəbbüsə qoşularaq həmrəylik nümayiş etdirməyə və qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardımçı olmağa, damarlarında axan qanı hədiyyə etməyə çağırdılar. Bu nəcib aksiya çərçivəsində könüllülər, Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etdilər.
Zaqatalada da  könüllülər  pandemiyanın yayıldığı ilk gündən  koronavirusla mübarizədə bütün çağırış və təşəbbüslərə qoşularaq  dövlətimiz tərəfindən həyata keçirilən layihələrə, atılan addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfələrini verir,  tənha, köməyə ehtiyacı olan  ahıl insanların evlərinə baş çəkərək, onlara gigiyenik vasitələr çatdırmaqla xəstəlikdən qorunma üsullarını izah etmiş, aztəminatlı ailələrə dəstək məqsədilə həyata keçirilən sosial aksiyalarda  yaxından iştirak etmişlər.
Bu gün könüllülər, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirir, o xüsusiyyətləri təcəssüm etdirir, koronavirusla mübarizə tədbirlərindəki əməli fəaliyyəti ilə bir daha göstərdilər ki, onlar hər zaman xalqımızın və dövlətimizin inkişafı naminə həyata keçirilən fəaliyyəti dəstəkləyirlər.

Keçidlər