Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısının bu qətiyyətli addımları məmurların məsuliyyət hissini birəbeş artırmalıdır.

13 may 2020 | 16:00

Bu gün ölkəmizdə həyata keçirilən uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında kadr islahatlarının da rolu böyükdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən kadr islahatları intensiv şəkildə davam etdirilməkdədir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Hər zaman öz siyasətində məsuliyyətlilik, qanunçuluq, dövlətçilik, dövlət maraqlarının təmin olunması, müstəqil dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirən ölkə Prezidenti İlham Əliyev dövlətin maraqlarına zidd addımlar atan məmurlara qarşı  kəskin və qəti mövqe tutur, aparılan islahatlara kölgə salan halların qarşısı  qətiyyətlə  alınır və günahkarları sərt şəkildə cəzalandırır.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə  müvafiq  tapşırıqların verilməsinə baxmayaraq, COVİD-19  pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirildiyi  belə bir həssas  məqamda bəzi məmurlar xalqın və dövlətin maraqlarını qorumaq  yerinə, öz mənafeyi üçün çalışır, mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edir, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuraraq, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salırlar.  Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı oldu... Sözsüz ki, onlar  cəzasız qala bilməzdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin təyin edilməsi də Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.
Dövlət başçısının bu qətiyyətli addımları  məmurların məsuliyyət  hissini birəbeş artırmalıdır. Hər bir məmur anlamalıdır  ki, Azərbaycanda  hakimiyyət sükanı  qətiyyətli və prinsipial rəhbərin əlindədir, səlahiyyət  həddini  aşan, vəzifənin verdiyi  imtiyazlardan  öz  şəxsi mənafeyi üçün istifadə edən hər kəs, ölkə rəhbərinin iradəsi ilə, gec-tez öz cəzasını mütləq alacaqdır.

Keçidlər