Pandemiya ilə mübarizədə Azərbaycan necə güclü dövlət olduğunu bir daha sübut etdi
Hər hansı hərbi-siyasi bloka qoşulmayan və müstəqil təhlükəsizlik siyasəti yürüdən ölkəmiz Qoşulmama Hərəkatının əməkdaşlıq prinsiplərinə bağlı olduğunu elan edərək 2011-ci ilin mayin 26-dan etibarən qurumun tamhüquqlu üzvünə çevrilmişdir. Hərəkatın işində fəal şəkildə iştirak edən Azərbaycan bu platformadan eyni zamanda ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf etdirlməsi üçün səmərəli şəkildə faydalanmış, üzv olduğu ilk gündən etibarən Hərəkatın işində fəal iştirak edərək beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etməklə böyük nüfuz qazanmışdır.
Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olan, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün məhz Bakı şəhərində keçirilməsi, 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın, ölkəmizdə həyata keçirilən siyasətə verilən dəstəyin təzahürüdür.
Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik müddətində təşkilatın prinsiplərinə sadiq qalaraq qurumun beynəlxalq münasibətlər sistemində rolunun daha da artması, o cümlədən milli maraqlarının təmin olunması istiqamətində ciddi addımlar atır. Bu gün bütün dünyanın diqqət mərkəzində olan və hər kəsi narahat edən koronovirus (COVID-19) pandemiyası ilə mübarizənin yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində mümkünlüyünü dünyaya nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir.
Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan 40-dan çox ölkə təmsil olunmuşdur. Zirvə görüşündə sammitdə iştirak edən dövlət və hökumət başçılarına BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunmuşdur. Videomüraciətdə, habelə təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçıları çıxışlarında Azərbaycan Respublikasının Prezidentinə bu təşəbbüsə görə təşəkkür etmişlər.
Zirvə görüşündə cənab İlham Əliyev ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğuladı ki, pandemiya dövründə əsas məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Operativ Qərargahın yaradılması, sosial izoliyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin tətbiq olunması kimi qərarlar dövlətin ilk gündən koronavirusla mübarizəyə zamanında operativ və təxirəsalınmaz addımar atmasının göstəriciləri kimi tarixə düşdü. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən danışan dövlət başçısı Azərbaycanın koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazır olduğunu bəyan etdi.
Zirvə görüşü bir daha sübut etdi ki, bu gün Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirləri, həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər. Həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin, habelə təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçılarının Azərbaycan Respublikasının Prezidentinə bu təşəbbüsə görə təşəkkürü ölkə Prezidentinin siyasi təcrübəsinin və həyata keçirdiyi uğurlu siyasətin nəticəsi, ölkəmizin dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.
Azərbaycanda bundan əvvəl də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir. Dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı olduğu bir şəraitdə türkdilli dövlətlərin həmrəylik nümayiş etdirməsi, yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birinin yanında olması daha böyük dəyərlərə sahib olduqlarını nümayiş etdirir. Hər iki fövqəladə Zirvə görüşü göstərdi ki, ölkə prezidenti hər iki təşkilata üzv olduğu ilk gündən etibarən qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə və ən yüksək səviyyədə gəlir, gənc olmasına baxmayaraq beynəlxalq aləmdə böyük uğurlara imza atır, qlobal təhlükə olan koronavirus pandemiyasına qarşı mübarizədə atdığı addımlarla ölkələr arasında həmrəyliyi və əməkdaşlığı daha da möhkəmləndirir.
Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır, qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırmışdır.
Ölkələr arasında şəffaflığın, etimadın və əlaqələndirmənin qurulması olduqca önəmlidir. Ona görə dünyanın hər bir dövləti buna hazır olmalıdır. Belə bir qlobal fövqəladə hal qarşısında həmrəylik prinsiplərindən çıxış edərək biz insanları və millətləri bu səylərdə birləşdirməliyik.