Rayonda kümçülərə dövlət tərəfindən daim dəstək göstərilib.
Cari ildə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 5 ton artırılaraq, 58 tona çatdırılması proqnozlaşdırılır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 15 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1450 qutusu aprel ayının 19-da Zaqatala rayonundakı inkubasiya kamerasına qoyulmuşdur.
Toxumların inkubasiya müddəti başa çatdıqdan sonra əldə olunan ipəkqurdularının aprelin 28-dən başlayaraq bölgü əsasında rayonun kümçülərinə paylanılması təmin edilmişdir.
Tut ipəkqurdunun kümçülərə Dövlət tərəfindən pulsuz verilməsi ilə yanaşı, rayon icra hakimiyyəti tərəfindən qurdun bəslənməsi üçün tələb olunan 3000 kiloqramdan artıq döşəmə kağızı hər il olduğu kimi bu mövsümdədə kümçülərə təmənnasız paylanılmışdır. Hazırda Tut ipəkqurdlarının bəslənməsi işi davam etdirilməklə qarşıya çıxan problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilir.
Bunun nəticəsidir ki, kümçülər Məhəmməd Cabbarov, Şahid Əlicanov, Əhməd Mollayev, Mübariz Ramazanov və başqaları göstərilən dəstəyə görə öz razılıqlarını bildirərək təşəkkür edirlər.