Zaqatala məktəbliləri Ulu Öndərin irsini dərindən öyrənirlər
Ulu Öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində mayın 1-dən etibarən məktəb şagirdləri ilə “Heydər Əliyevin örnək həyat yolu” mövzusunda məlumatlandırıcı onlayn görüşlərin keçirilməsinə başlanılıb.
Mərkəzin direktoru Famil Rəhimov bildirib ki, əsas məqsəd Ümummilli Liderin zəngin irsini şagirdlərə çatdırmaqdan ibarətdir.
Onlayn görüş zamanı Ulu Öndərin həyat və fəaliyyəti barədə məktəblilərə məlumat verilib, dahi rəhbərin Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr barədə danışılıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu hər kəs üçün, xüsusilə yeniyetmə və gənclər üçün həmişə örnək olmalıdır.
Sonra məktəblilər Heydər Əliyev şəxsiyyəti barədə biliklərini nümayiş etdirib, mövzu ilə bağlı verilən sualları cavablandırıblar.
Mərkəzin direktoru məktəblilərlə onlayn formada görüşlərin mayın 10-dək davam edəcəyini bildirib.