Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada arıçılıqla məşğul olmaq istəyən qadınlar üçün imkan yaradılıb

28 aprel 2020 | 16:00

Qadınlar üçün iqtisadi və sosial həyatda iştirak imkanları yaradan Zaqatala Qadın Resurs Mərkəzi COVID-19 pandemiyası ilə əlaqədar mövcud karantin rejiminin tələblərinə uyğun olaraq, rayon və kənd yerlərində qadınların iqtisadi fəaliyyətinin gücləndirilməsi, eləcə də qadınların “Evdə qal” kampaniyasında iştirakının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Koronavirus infeksiyasına qarşı mübarizə apardığımız sosial izolyasiya dövründə digər təsərrüfat sahələri kimi balçılıq və arıçılığın da inkişafına dəstək göstərilərək bu sahəyə qadınların daha fəal cəlb olunması məqsədilə Zaqatalada arıçılıq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən altı qadının Mərkəzin xidmətlərindən istifadə edərək, öz bizneslərini qurmaq imkanı əldə etmələri təmin olunub.

Zaqatala Qadın Resurs Mərkəzi “Sahibkarlığa və Məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) əməkdaşlığı və Amerika İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə 2018-ci ildə fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi kəndli qadınların iqtisadi və sosial cəhətdən gücləndirilməsidir.

Qeyd edək ki, Mərkəz təkcə qadın sahibkarlığının inkişafına dəstək göstərmir, eləcə də, ailədə bərabərliyə nail olunmasına, qadının cəmiyyətdə nüfuzunun artmasına kömək edir. Zaqatala Qadın Resurs Mərkəzi kompüter və internetə çıxış, təqdimat bacarıqları, maliyyə savadlılığı və biznesin inkişafı üzrə təlimlər, evdən xaric əlverişli sosial məkan kimi müxtəlif xidmətlər göstərir. Hazırda Mərkəzin 200-dən çox qadın üzvü var.

Keçidlər