Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya hökumətinin dəstəyi ilə Zaqatalada daha bir layihə reallaşmışdır

21 iyun 2013 | 15:00

İyunun 20-də Zaqatala rayonunda Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən “Zaqatala rayonunun Qəbizdərə və Lahıc kəndlərinin içməli su təchizatının təkmilləşdirilməsi” layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe, rayon rəhbərliyi və kənd sakinləri iştirak etmişlər. Qəbizdərə kəndində keçirilən mərasimdə qeyd olunan layihə üzrə Yaponiya səfirliyi ilə “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” arasında 2013-cü ilin fevralında qrant müqaviləsi imzalandığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, layihənin əsas məqsədi bu kəndlərin içməli su təchizatını yaxşılaşdırmaqdır. Layihədən 3 min nəfərdən artıq kənd sakini faydalanacaqdır. Layihənin ümumi məbləği 123 min 403 ABŞ dolları təşkil edir.
Məlumat verilmişdir ki, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Zaqatala Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq artıq 6 ildir uğurla davam edir. “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində indiyədək Zaqatala rayonunda bu layihə də daxil olmaqla təhsil, səhiyyə və ekologiya sahələrini əhatə edən 5 layihə reallaşmışdır.
Şusuke Vatanabe Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi 3 il ərzində artıq 5-ci dəfədir ki, Zaqatala rayonunda olduğunu, səfirliklə yerli icra strukturları arasında sıx əməkdaşlığın yarandığını diqqətə çatdırmışdır. Səfir bir il əvvəl bu bölgədə, o cümlədən Zaqatala rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirləri çox yüksək qiymətləndirmişdir.
Sonra mərasim iştirakçıları layihə çərçivəsində görülmüş işlərlə tanış olmuşlar.

Keçidlər