Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonundakı Danaçı Radio Televiziya Yayım Stansiyasının texniki binası əsaslı təmir olunmuşdur

20 iyun 2013 | 15:00

19 iyun 2013-cü il tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Teleradio” İstehsalat Birliyinə məxsus Zaqatala rayonunun Danaçı kəndində yerləşən Radio Televiziya Yayım Stansiyasının (RTYS) texniki binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə RİTN-in “Teleradio” İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov çıxış edərək ölkə ərazisində radio və televiziya proqramları yayımının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, Danaçı RTYS-də aparılan təmir-bərpa işləri zamanı stansiyada olan radio-teleyayım avadanlığı, enerji təminatı və kommutasiya qurğuları yenidən qurulmuş, ərazidə olan 200 metr hündürlüyündə metal qüllə rənglənmişdir. Stansiyada müasir tələblərə cavab verən yeni avadanlıq istismara verilmişdir. Stansiyanın fasiləsiz işinin təmin olunması üçün burada əlavə olaraq avtomatik rejimdə işləyən “Aksa” markalı 145 kVA-lıq dizel generatoru, 30 kVA-lıq stabilizator və 250 kVA-lıq şəbəkə transformatoru quraşdırılmışdır. Stansiyadan yayımlanan rəqəmli TV proqramları üçün monitorinq-nəzarət sistemi yaradılmış və proqramların keyfiyyətli yayımı təmin edilmişdir. Bildirilmişdir ki, hazırda Danaçı RTYS-dən 3-ü dövlət, 1-i ictimai, 4-ü özəl, 2-si regional və 1-i xarici olmaqla 11 televiziya və 6 FM -radio proqramı yayımlanır. Stansiya Zaqatala, eləcə də ətrafda olan Şəki, Qax, Balakən və digər rayonların əhalisini keyfiyyətli TV və FM yayımı ilə təmin edir. Ötən il quraşdırılmış Kanadanın “Aksera” şirkətinin istehsalı olan 1200 Vt-lıq DVB-T verici vasitəsilə Zaqatala və ətraf rayonların 85 faiz əhalisi rəqəmli yayımla təmin olunmuşdur. Cari ilin sonunadək DVB-T-nin yayım əhatəsinin genişləndirilməsi məqsədilə bu rayonlarda əlavə ötürücülərin quraşdırılması nəzərdə tutulmuşdur.

Keçidlər