Zaqatalada koronavirus infeksiyası haqqında yalan məlumat yayan şəxslər saxlanılıb
Sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək ifadələr səsləndirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin görüntülər əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həmin şəxsin rayonun Əliabad qəsəbə sakini Nadir Mahmudov və onu videoya çəkənin Mahma Əlixanov olduğu müəyyənləşdirilərək saxlanılıblar. Saxlanılan şəxslər həmin videonu çəkərkən sərxoş olduqlarını və etdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.