Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi karantin rejimi ilə bağlı tədbirlərə dəstək verir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının vətəndaşlara izah edilməsi üçün müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər həyata keçirir.
Qurumun əməkdaşları hər gün vətəndaşlarla, həmçinin mərkəzin qeydiyyatında olan ailələrlə telefon əlaqəsi saxlayaraq, xüsusi karantin rejiminin tələblərinə riayət etmək, evdə qalmaq, zərurət yaranmadıqda küçəyə çıxmamaq barədə maarifləndirici söhbətlər aparır, onlara infeksiyadan qorunmaq yollarını izah edirlər. Eyni zamanda, mərkəzin əməkdaşları yaxınlıqda olan fərdi evlərə baş çəkərək ailələrə xüsusi məlumat vərəqələri paylayırlar.
Bu günlərdə qurum tərəfindən 11 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib, tənha, ahıl insanlar dərman preparatları ilə təmin olunublar. Bununla yanaşı, mərkəzin əməkdaşları küçədə gəzən sakinlərlə də maarifləndirici söhbətlər aparıb, onlara tibbi maska və əlcək paylayıblar.