Zaqatala rayon Heydər Əliyev Mərkəzi fəaliyyətini onlayn davam etdirir
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkədə fəaliyyət göstərən bir çox idarə və müəssisələr kimi, Zaqatala rayon Heydər Əliyev Mərkəzi də hazırda fəaliyyətini onlayn rejimdə davam etdirir.
Karantin dövrünün tələblərinə uyğun olaraq uşaq, yeniyetmə və gənclərə xidmətlər onlayn şəkildə göstərilir. Karantin rejiminin ilk günlərindən başlayaraq izləyicilərə sosial şəbəkələr vasitəsilə müxtəlif mövzularda videolar təqdim olunur. Sosial şəbəkə istifadəçiləri Heydər Əliyev Mərkəzində yaradılan şərait və fəaliyyəti ilə virtual olaraq tanış olmaq imkanı əldə ediblər. Karantin rejiminin tələb və qaydaları barədə əhalini məlumatlandırmaq üçün Mərkəz tərəfindən “Evdəqal” çağırışlı videoçarx hazırlanaraq sosial şəbəkələr vasitəsi ilə yayımlanıb.
Mərkəzin onlayn xidmətləri barədə məlumat verən direktor bildirib ki, burada fəaliyyət göstərən kitabxananın əməkdaşı Məhəbbət Məmmədova azyaşlı uşaqlar üçün mütəmadi olaraq onlayn bədii oxu təşkil edir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, muncuqla dekorativ əl işlərinin hazırlanması dərnəklərinin rəhbərləri də öz işlərini onlayn şəkildə davam etdirirlər. Dərnək rəhbərləri İradə Hüseynova, Məlahət Əhmədova, Mayya Əsgərova, Vüsal İbrahimov məşğələləri artıq onlayn şəkildə tədris edirlər.