Zaqatalada fındıq, tütün və qızılgül məhsulları ixracından əldə olunan gəlirlər 26,8 faiz artıb
2019-cu ildə Zaqatala rayonunda sənaye sektorunda məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 24,1 faiz artaraq 121 milyon 472 min manat olub. Sənayedə məhsul buraxılışının 94,2 faizini fındıq, tütün, qızılgül və digər kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər təşkil edib.
Ötən il rayondan fındıq, tütün, qızılgül və digər məhsulların ixrac edilməsi nəticəsində ölkəyə 67,3 milyon ABŞ dolları və ya 114,5 milyon manat vəsait daxil olub. Bu, əvvəlki illə müqayisədə 26,8 faiz çoxdur. İxrac edilən məhsullardan daxil olan vəsaitin 87,9 faizi və ya 100,6 milyon manatı fındıq və fındıq məhsullarının satışının payına düşür.
Qeyd edək ki, dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrinin, o cümlədən qərzəkli meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da davamlı iş aparılır. Belə ki, son 4 ildə rayonda fındıq bağlarının sahəsi iki dəfədən çox artırılaraq 20 min 181,4 hektara çatdırılıb. Təkcə ötən il Zaqatalada 676,4 hektar sahədə yeni fındıq bağları salınıb. Ötənilki mövsümdə rayonun fındıq bağlarından 15 min 344 ton məhsul tədarük edilib.